Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

AİA və Rusiyanın MGİMO Universiteti birgə beynəlxalq səyyar təhsil proqramı keçirir

Azərbaycan İdman Akademiyası və Rusiyanın MGİMO Universiteti birgə beynəlxalq səyyar təhsil proqramı keçirir.

2-7 dekabr tarixlərini əhatə edən səyyar təhsil proqramının Azərbaycan İdman Akademiyasında rəsmi açılışı baş tutub. 

Açılışda çıxış edən Akademiyanın rektoru Fuad Hacıyev qonaqları salamlayaraq səyyar təhsil proqramının iştirakçıklarına uğurlar arzu edib. Eyni zamanda MGİMO-nun Biznes və Beynəlxalq Kompetensiyalar məktəbinin direktoru Angelika Mirzoeva da çıxış edərək yaradılmış şərait və qonaqpərvərlik üçün Akademiyanın rəhbəriliyinə və əməkdaşlarına  xüsusi təşəkkürünü çatdırıb. 

Təhsil proqramı çərçivəsində yerli  və əcnəbi mütəxəssislər tərəfindən müxtəlif modulların keçirilməsi planlaşdırılıb. Bu modullara İstanbul Universiteti – Cerrahpaşanın professoru Bilge Donuk “İdman idarəçiliyinin milli modelləri: Türkiyə nümunəsində”, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Rəşad Rəsulov “Azərbaycanda idman idarəçiliyi modeli: Cüdofederasiyasının nümunəsində”, Avropa Oyunları - 2015, İslam Həmrəyliyi Oyunları- 2017, Formula 1 - 2022 Qran Prisinin baş direktoru olmuş Elçin Səfərov “İdman tədbirlərinin idarə edilməsi: Formula 1 - Bakı nümunəsində”, Koventri Universitetinin professoru Nevill Klements “Beynəlxalq və milli idman yarışlarına sponsorluq”, “İdman maliyyəsi”, ComplexCore təşkilatının baş direktoru Roman Yahoda “Funksional Təlim: Zədələrin qarşısının alınması, reabilitasiya və performans”, həmçinin, Porto Universitetinin İdman fakültəsinin dekanı, professor Antonio Manuel Fonseka “İdman psixologiyası” adlı modullar daxildir. 

Qeyd edək ki, proqram çərçivəsində iştirakçılar üçün təhsil modulları ilə yanaşı, həm də mədəni proqram həyata keçiriləcəkdir. Belə ki, iştirakçılar İçərişəhər və Heydər Əliyev mərkəzi, eyni zamanda Su İdmanı Sarayının idman infrastrukları ilə tanış ola biləcəklər.

Xəbərlər