AİA-da ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr üzrə məsul şəxslərinin şəbəkələşmə görüşü keçirilib
Fevralın 28-də Azərbaycan İdman Akademiyasında ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr üzrə məsul şəxslərinin növbəti şəbəkələşmə görüşü baş tutub. Bakı Biznes Universitetinin təşəbbüsü ilə keçirilən görüşdə müxtəlif universitetlərin 20-yə yaxın əməkdaşı iştirak edib. Görüşün əsas məqsədi qlobal dünyada beynəlxalq münasibətlərin yeni çağırışlarına uyğun olaraq ali təhsilin beynəlmiləlləşməsi haqqında müzakirələr aparmaq olub.
Görüşdə iştirakçılar beynəlmiləlləşmənin aparılması ilə bağlı gündəlik təcrübələr, qarşılaşdıqları çətinliklər, mövcud durum haqqında ətraflı fikir mübadiləsi aparıb. Xüsusən Türk Dünyası ölkələri ilə ali təhsil sahəsində əməkdaşlıq perspektivləri barədə mövcud təcrübələr bölüşülüb.
Sonda beynəlmilləşmə üzrə məsul şəxslər arasında əlaqələrin effektivliyinin daha da artırılması üçün şəbəkələşmə görüşlərinin mütəmadi keçirilməsi vurğulanıb.