Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümüdür
HEYDƏR ƏLİYEV: “Ölkəmizdə bədən tərbiyəsi və idmanı ümumxalq hərəkatına çevirməliyik”.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni və idman həyatının bütün sahələrində böyük uğurlar qazanaraq, təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada tanınmağa başladı.
Keçmiş SSRİ dövründə Azərbaycanın bədən tərbiyəsi və idman həyatını yalnız məyusluq mənbəyi adlandırmaq ədalətsizlik olardı. Xüsusilə, 70-80-ci illərdə respublikada bu sahənin əhəmiyyətli maddi-texniki bazası yaradılıb. İmperiya meyarları milli komanda və idmançılarımızın beynəlxalq imicinin formalaşması prosesini iflic etsə də, kütləvi bədən tərbiyəsi sahəsində müəyyən irəliləyişlər şəksizdir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər seçiləndən sonra dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması istiqamətində qətiyyətli addımlar atmağa başladı. Bu müsbət dəyişikliklər ölkə həyatının bütün sahələrində olduğu kimi, idman sahəsində də öz bəhrəsini verdi.
Respublikanın bədən tərbiyəsi və idmançılarının hazırlığının yaxşılaşdırılması işində respublika fəallarının bədən tərbiyəsi və idmana həsr olunmuş 21 iyun 1974-cü il tarixli yığıncağı həlledici rol oynadı. Azərbaycan KP MK-nın birinci katibi, Sov. İKP Siyasi Bürosunun üzvü Heydər Əliyev respublika fəallarının yığıncağında çıxış edərkən demişdir: “Kütləvi idman işinin inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malik işdir. Çünki xalqın sağlamlığına bizim dövlət həmişə böyük əhəmiyyət vermişdir və indi də verir. Ona görə də, bədən tərbiyəsi və idman həmişə bütün təşkilatların diqqət mərkəzində olmuşdur”.
Ali təhsil müəssisələrinin idmançıları respublikamızda bədən tərbiyəsi və idman hərəkatının əsas və kütləvi dəstəsindən birini təşkil edirdi. Respublikanın 17 institutunda 1975-ci ildə 53 mindən çox tələbə təhsil alırdı. Onların arasında kütləvi bədən tərbiyəsi işini bədən tərbiyəsi və idman kafedralarının ştatında olan 347 ali təhsilli müəllim aparırdı. 1975-1976-cı ilin tədris dövründə respublikanın məktəblərində ixtisaslaşdırılmış siniflər azalmışdı. Rayon idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı.
Ölkədə maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. 1971-1977-ci illərdə 36 stadion, 2600 futbol, voleybol meydançası, 6400 basketbol və tennis meydançası fəaliyyət göstərirdi.
Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmışdı. Onun hələ birinci rəhbərliyi dövründə ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün xeyli iş görülmüşdü. Çox sayda idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. 1970-ci illərdə Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə Bakıda möhtəşəm idman sarayının təməli qoyularaq inşa edildi. 1974-cü ildə ölkənin 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi.
Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (ADBTİ) əsas binası (1971), Azərbaycan Dövlət Universitetinin (ADU) (1976), Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (ATTİ) (1975), Neft Kimya İnstitutunun (NKİ) tədris-idman komplekslərinin (1976), respublikanın paytaxtında möhtəşəm Bakı İdman Sarayının (1973), velotrek (1974), örtülü avarçəkmə hovuzu (1974), respublika stadionunun ikinci növbəsi (atletika meydanı), idmanın atıcılıq növləri üçün idman qurğuları kompleksi (1975), üç vannalı açıq üzgüçülük hovuzu (1976), Razin qəsəbəsində at idmanı meydanı (1977), Bakı şəhərində örtülü atletika meydanı (1976), üzgüçülük hovuzu (1979), idman kompleksi (1977), Nabranda idman-sağlamlıq bazası (1977), Gəncə şəhərində üzgüçülük hovuzu olan iki salonlu idman kompleksi (1977), Bakı şəhərində respublika idman məktəbi (1976), Uşaq-gənclər idman məktəbləri yanında idman kompleksləri tikildi: Gəncə, Naxçıvan, Lənkəran, Yevlax, Ağdam, Quba, Xankəndi, Sumqayıt, Mingəçevir, Əli-Bayramlı (1976), Şəki, Qazax, Göyçay, Salyan (1978) və başqa şəhərlərdə idman komplekslərinin təməli qoyuldu. 1975-ci ilin iyul ayında Gənclərin 2-ci Ümumittifaq idman oyunları keçirildi. Bu yarışda Azərbaycanı 347 idmançı (95 nəfər qız) təmsil etdi. İdmançılarımız 1 qızıl, 9 gümüş, 8 bürünc medal qazanaraq, ümumkomanda hesabında 12-ci yeri tutdular. 1978-ci ilin iyun ayında Moskvada “Əhalinin yaşadığı yerlərdə bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi tədbirləri haqqında” ÜİHİMŞ, ÜİLKGİ MK SSRİ İdman Komitəsi və SSRİ OADKYC MK qərarının Azərbaycan SSRİ-də yerinə yetirilməsinin gedişi haqqında məsələ dinlənildi.
“Dostluq-84” yarışlarının təşkilat komitəsinin sədri xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur.
Heydər Əliyev təhsilə son məqsəd kimi, nəticə deyil, vasitə kimi baxırdı. Heydər Əliyev dünya praktikasını və yerli xüsusiyyətləri nəzərə almaq, bu sahədə hər hansı islahatı hərtərəfli və mütəşəkkil şəkildə həyata keçirmək zərurətini qeyd edərək deyirdi:
“Biz təhsil sahəsində yeniliklərin tərəfdarıyıq, dünya təcrübəsindən səmərəli istifadə etməyinizi sizdən tələb edirik. Ancaq bu işlər gərək sistemli olsun. Bu işləri görərkən, qurarkən siz onların yaxın və uzaq zamanda nəticələrini mütləq nəzərə almalısınız”.
1969-cu ildə Azərbaycan rəhbərliyinə irəli çəkilən Heydər Əliyev milli mənafelərə xidmət göstərmək məqsədilə totalitar rejimin qanunları altında Azərbaycanda milli mənəvi dəyərləri qorumaqla, tərəqqiyə, elm və təhsilin yüksəldilməsinə nail olmaq üçün düşünülmüş elmi siyasət yeritməyə nail olmuşdur. Rəhbərlikdə olduğu 1969-1982-ci illərdə Azərbaycan dövlətinin diqqət mərkəzində duran ən ümdə məsələlərdən biri illərlə və böyük zəhmət hesabına qazanılmış elmin və təhsilin inkişafına qayğının artırılması olmuşdur.
1975-ci ildə Respublikada İdman Komitəsinin nəzdində respublikada bədən tərbiyəsi və idman sahəsində fəaliyyət göstərən elmi-tədqiqat işinin koordinasiya mərkəzi, iki laboratoriyası olan elmi-metodik kabinet yaradılmışdı. Elmi-metodik kabinet hər kvartalda bir dəfə metodik rekomendasiyalar məcmuəsini dərc etməyə başladı ki, bu da təbii olaraq elmi adı və dərəcəsi olan ixtisasçılar hazırlanması işində məşqlərin elmi əsaslar üzərində aparılmasında irəliyə doğru atılan mühüm addım olmuşdu. Onu da qeyd etdim ki, 1970-1982-ci illərdə bədən tərbiyəsi və idman məsələsində elmi tədqiqatlar xeyli genişləndirilmişdir.
1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda fiziki tərbiyə və ibtidai hərbi hazırlıq şöbəsi açılması respublikada fiziki tərbiyə sahəsində pedaqoji tədqiqatlarda, fiziki tərbiyənin cəmiyyətdə roluna böyük təkan verdi. Burada məktəblilərin fiziki tərbiyə sahəsinin elmi əsasları, ümumtəhsil məktəbliləri üçün fiziki tərbiyə üzrə metodiki vəsaitlər hazırlanırdı.
“Məktəbdə bədən tərbiyəsi” məcmuəsi 1924-cü ildən Bakıda nəşr edilməsinə baxmayaraq, ulu öndər Heydər Əliyevin bədən tərbiyəsi və idmana qayğısınəticəsində 1976-cı ildən başlayaraq “Azərbaycan məktəbi” jurnalına əlavə olaraq “Məktəbdə bədən tərbiyəsi” məcmuəsinin nəşrinə başlandı. Burada bədən tərbiyəsi və idmanın tarixi, nəzəriyyəsi və metodikası, ümumtəhsil məktəbləri ilə bağlı məsələlər işıqlandırıldı.
1978-ci ildə SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstitutu bazasında bədən tərbiyəsi və idman problemləri üzrə ilk dəfə respublika elmi konfransı keçirildi. 1980-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu bazasında tələbələrin fiziki tərbiyəsi və onların idman ustalığının artırılması problemləri üzrə ikinci respublika elmi konfransı, habelə “Azərbaycan SSRİ-nin ali məktəblərində bədən tərbiyəsi və idman” mövzusunda birinci respublika sərgisi keçirildi.
1979-cu ildə Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində elmin inkişafına xüsusi diqqət verilirdi. Respublikada 13 idman növü üzrə kompleks elmi qruplar yaradıldı.
1979-cu il aprelin 24-dən 27-dək Bakıda “Fəal həyat mövqeyinin formalaşdırılması: mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri” mövzusunda Ümumittifaq elmi-praktik konfrans keçirilmişdir. Bu tədbir Azərbaycan zəhmətkeşlərinin həyatında mühüm hadisə olmuşdur.
1980-ci ildə respublikanın ali məktəblərində 265 bədən tərbiyəsi müəlliminin ixtisasını artırmaq sistemi xeyli təkmilləşmişdir. Azərbaycan Dövlət Universitetinin nəzdindəki müəllimlərin ixtisasartırma fakültəsində 1978-1979-cu dərs ili ərzində ali məktəblərin 42 müəllimi öz ixtisasını artırmışdır.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bədən tərbiyəsi və idmana diqqəti və qayğısı nəticəsində 1970-1982-ci illərdə akademiyanın 37 idmançı kadrı Moskva və başqa ölkələrdə təhsil almış, fəlsəfə elmləri üzrə müxtəlif mövzularda doktorluq dissertasiyaları müdafiə etmişlər.
Ümumiyyətlə, XX əsrdə Azərbaycan idmanına göstərilən diqqət və qayğı, Respublikanın demək olar ki, bütün idman qurğularının tikilməsi, Respublikamızda idmanın geniş vüsətlə inkişafı – Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə bədən tərbiyəsi və idmana münasibət də kökündən dəyişdi. Ümummilli Lider Azərbaycanı xaos və anarxiya girdabından çıxdığı kimi, idmanın inkişafı, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsini də dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirdi. Heydər Əliyev idmanın xalqın və dövlətin həyatında böyük əhəmiyyət kəsb etdiyini diqqətə çəkərək, idmanın inkişafını vacib bir vəzifə olaraq qarşıya qoydu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda idmanın inkişafı sahəsində mühüm nailiyyətlər əldə edildi. İdmançılarımız ən mötəbər yarışlardan vətənə qızıl medallarla qayıtdılar.
1993-cü ilin 24 noyabrında Xalqımızın Ümummilli Lideri Heydər Əliyev dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etdi.
Heydər Əliyev Azərbaycan Respublikasında idmanla bağlı beynəlxalq əlaqələrə də xüsusi diqqət yetirirdi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 19 aprel 1994-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sabiq prezidenti Xuan Antonio Samarançı, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Ranani və Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqu, 23 dekabr 1995-ci ildə Beynəlxalq Boks Federasiyasının prezidenti Ənvər Çoudrini, 10 fevral 1998-ci ildə isə öz iqamətgahında Türkiyənin Ədirnə şəhərinin bələdiyyə başçısı Hamdi Sədəfçini və Ədirnənin tarixi Kırkpınar ağası Hüseyn Şahini, Avropa Həvəskar Boks Assosiasiyasının prezidenti Emil Jeçev başda olmaqla assosiasiyanın nümayəndə heyətini (3 avqust), 21 oktyabr 2000-ci ildə Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqu və baş katibi Mario Reskanteni qəbul etmişdi.
Bu görüşdən sonra 1994-cü il iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin 861 saylı fərmanına əsasən Respublika Gənclər və İdman Nazirliyi yaradıldı. 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. Heydər Əliyevin fərmanına əsasən 1995-ci ildə Azərbaycan Respublikasında idman fondu yaradıldı. Azərbaycan Respublikası Prezidentinin Fondundan müstəsna hal kimi İdman fonduna iki milyard manat vəsait ayrılmışdır. Həmin fərmana əsasən Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədi ilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratdı.
1994-cü ildə Azərbaycan idmançıları Avropa və Dünya Kuboku yarışlarında 49 medal qazanmışdır (onlardan 12 qızıl, 15 gümüş, 22 bürünc).
Olimpiya idman növü üzrə 18 medal qazanmışdır (onlardan: 7 qızıl, 4 gümüş, 7 bürünc). Qeyri Olimpiya idman növlərindən isə 31 medal qazanmışdır (onlardan: 5 qızıl, 11 gümüş, 15 bürünc).
Xalqımızın ümummilli lideri Heydər Əliyev 1995-ci ildə beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etmiş idmançılar və onların məşqçiləri ilə görüşmüşdür.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev demişdir: “Biz bu gün müstəqil dövlətimizi qurarkən gələcək nəsillərimiz barədə düşünməliyik. Bizdən sonra gələn nəsillər fiziki cəhətdən daha da möhkəm, əqli cəhətdən daha da sağlam olsunlar. Biz buna nail olmaq üçün idmana, bədən tərbiyəsinə çox ciddi fikir verməliyik. Hesab edirəm ki, bu sahədə çox işlər görməliyik, bir çox tədbirləri həyata keçirməliyik”.
Azərbaycan Prezidenti Heydər Əliyev səhiyyə işçiləri ilə görüşündə demişdir: “Hər bir adam üçün, elə cəmiyyət üçün də cansağlığından böyük sərvət yoxdur. İnsanların cansağlığının mühafizəsi və möhkəmləndirilməsi birinci əhəmiyyəti olan işdir”. Xalqın cansağlığı ölkənin sərvətidir. Heydər Əliyev Azərbaycan gənclərinin sağlamlığını “dövlət əmlakı” adlandırır və ona görə Azərbaycan dövləti insanların sağlamlığının keşiyində dayanır, adamların cansağlığının möhkəmləndirilməsini birinci dərəcəli vacib məsələ sayır.
Dövlətin bədən tərbiyəsi və idmana göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, Milli Olimpiya Komitəsi Azərbaycan idmanının inkişafında müstəsna xidmətləri ilə seçilən veteran idmançılar üçün xüsusi təqaüdlər təyin etmiş və 1998-ci ildən etibarən bu təqaüdlər ödənilməyə başlanmışdır.
1998–2000-ci illərdə idmançılara və onların məşqçilərinə ümumilikdə 2 milyard 220 milyon 350 min manat məbləğində təqaüd verilmişdir. Əgər bu məbləğ 1998-ci ildə 309 milyon 600 min manat idisə, növbəti illərdə onun miqdarı təxminən üç dəfə artmışdır.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xüsusi sərəncamı ilə dövlət büdcəsinin ehtiyat fondundan şahmatçıların hər birinə 40 milyon manat məbləğində vəsait ayrılmışdır.
1995–2002-ci illər ərzində dövlətin idmana göstərdiyi dəstək nəticəsində 24 nəfərə “Şöhrət” ordeni, 45 nəfərə “Tərəqqi” medalı, 21 nəfərə “Əməkdar müəllim” adı, 10 nəfərə “Xüsusi Olimpiya təqaüdü” və 21 nəfərə “Fərdi təqaüd” verilmişdir.
1994–2003-cü illər ərzində Azərbaycan idmançıları Olimpiya idman növləri üzrə Avropa və dünya çempionatlarında ümumilikdə 89 medal (32 qızıl, 22 gümüş və 35 bürünc) qazanmışlar.
Həmin dövrdə — 1994–2003-cü illərdə Azərbaycan idmançıları Avropa və Dünya Kuboku yarışlarında isə 1341 medal (465 qızıl, 362 gümüş və 514 bürünc) əldə etmişlər.
“İdmana xüsusi qayğını öz üzərimə götürürəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz” – söyləyən Ümummilli Lider Heydər Əliyev axıra kimi idmançılarımızın qayğısına qaldı.
Bütün hallarda Ümummilli Liderimiz Heydər Əliyev təkcə siyasətçi kimi deyil, həm də qorxmaz, igid adam kimi hərəkət etmişdir. Bununla da gənc nəslə həmişə nümunə olmuşdur. Türk dünyasının dahi öndərliyi işinin davamçısı dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat fəaliyyəti xalqımız üçün çox zəngin tərbiyə məktəbidir. Bu məktəbdən hər zaman öyrənmək hər bir gəncin müqəddəs vəzifəsidir. Heydər Əliyev hər birimiz üçün ölməz insandır. O, öz əməlləri, yaratdıqları, qoyub getdikləri ilə hər birimizin qəlbində yaşayacaq. Hər birimizin borcudur ki, Heydər Əliyevin bizə miras qoyduğu müstəqil dövlətçilik ənənələrini gözbəbəyi kimi qoruyaq. Onun layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə biz o dahi şəxsiyyətin milli simvola çevrilməsinə nail olacağıq. Prezidentimiz İlham Əliyev dəfələrlə deyib ki, Heydər Əliyev həyatının nümunəsi olub.
Dahi liderimiz, böyük şəxsiyyət Heydər Əliyev həmişə idmançıların qəlbində əzəli və əbədi lider kimi yaşayacaqdır.
Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru,
professor