Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

“İdman menecmenti” magistrlarının Rusiya Federasiyasında tədrisi davam edir

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGİMO) ilə birgə tədrisi rus dilində aparılan "İdman menecmenti" ixtisası üzrə ikili diplom magistr proqramının Moskvada olan tələbələri müxtəlif idman obyektlərini ziyarət edirlər. Növbəti belə səfər Lujniki Olimpiya Kompleksinə olub.

Ziyarət zamanı magistrantlarımız futbol meydanından minimum məsafədə yerləşən tribunalarla tanış olub, arenanın idman strukturlarını və konfrans zallarını ziyarət ediblər. Onlar stadionun istifadəyə verilmə tarixi, həmçinin burada oynanılan tarixi qarşılaşmalar haqqında da məlumatlandırılıblar.

Məlumat üçün bildirək ki, Lujniki Olimpiya Kompleksi (1992-ci ilə qədər Lenin Mərkəzi Stadionu) 1956-cı ilin 31 iyul tarixində istifadəyə verilib. Ümumi sahəsi 150 hektardan çox olan idman kompleksi paytaxtın Mərkəzi İnzibati Dairəsi ərazisində, Xamovniki rayonunda yerləşir və Rusiyanın, həmçinin dünyanın ən böyük idman qurğularından biridir.

İdman kompleksinin vahid memarlıq-park ansamblı özündə 80-dən çox struktur və obyekti birləşdirir ki, bunlardan ən tanınmışları Böyük İdman Arenası, Kiçik İdman Arenası, İdman Sarayı, Su Kompleksi və Şimal İdman Mərkəzidir. 1980-ci il Moskva Yay Olimpiya Oyunlarının açılış və bağlanış mərasimləri Olimpiya Kompleksinə aid olan “Lujniki” stadionunda keçirilib.

#ASAPES #İdmanAkademiyası #Lab #Master #SportManagement

Xəbərlər