Karyera sərgisi
Gənclərin məşğulluğunu artırmaq məqsədilə mayın 25-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbə və məzunlar üçün Karyera sərgisi təşkil olunub. Sərginin keçirilməsində əsas məqsəd tələbə və məzunların müəssisə və təşkilat nümayəndələri ilə birbaşa təmasına imkan yaratmaq və onların işlə təmin olunmasına dəstək verməkdir.
Sərgidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Karyera filialı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Atletika Federasiyası, Azərbaycan Basketbol Federasiyası, Abilimpiya Federasiyası, Azərbaycan Yelkən Federasiyası, Respublika Yüksək İdman Ustalığı Məktəbi, Şuşa rayon Uşaq-Gənclər İdman Məktəbi, “Crocus Fitness Sabah” idman klubu, “Pilates Life” mərkəzi, Azərbaycan İdman Könüllüləri, “Birgə və Sağlam” İctimai Birliyi autuzm məktəbi, Gənclər Evi, Bir Könüllü təşkilatı, Azərbaycan Beynəlxalq Bankı, “Bravo” və “Araz” supermarket şəbəkələri, eləcə də Akademiya ilə sıx əməkdaşlıq edən müəssisələrin nümayəndələri iştirak ediblər.
Ümumilikdə 400-dən çox tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Nümayəndələr təmsil olunduqları müəssisələrdəki vakansiya və təcrübə proqramları haqqında ətraflı məlumat veriblər.
Sərgidə iş axtarışında olan gənclər şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət qurub, şirkət nümayəndələrinə yaxınlaşaraq özlərinə uyğun vakansiyalar üzrə CV-lərini təqdim ediblər.
Qeyd edək ki, sərginin il ərzində bir neçə dəfə keçirilməsi nəzərdə tutulur.