Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Rezüme hazırlığı

Rezümenin əsas məqsədi işəgötürənin marağını oyatmaq və namizədin müsahibəyə dəvət almasıdır. Ona görə də hər bir rezümenin müraciət olunan vakansiyaya uyğunlaşdırılması məsləhət görülür.

Şəxsi məlumatlar

Rezümenizi açan şəxs ilk növbədə şəxsi məlumatlar bölməsinə baxır və barənizdə ilk təəssürat oradan yaranır.

Lazımdır: e-poçt, əlaqə nömrəsi, yaşadığınız ünvan.

E-poçt ünvanını qeyd edərkən diqqətli olun, çünki ünvanın adı ciddi və rəqəmsiz olmalıdır. Məsələn, tofig1995@bk.ru ünvanı yox, tofigrasulov@gmail.com ünvanı daha peşəkar görünür.

Lazım deyil: milliyyətiniz, dini mənsubiyyətiniz, cinsiyyətiniz. Doğum tarixinə gəldikdə isə, biz şəxsən onu qeyd etməyi tövsiyə etmirik, lakin istəsəniz qeyd edə bilərsiniz.

Şəkil: Ümumən şəkil qoymağı məsləhət görmürük, lakin əgər qoymaq istəyirsinizsə və ya tələb olunursa, o zaman peşəkar şəkildən istifadə edin. Bu selfi və yaxud toydan çəkilmiş bir şəkil olmalı deyil. Rezüme üçün fotostudiyaya gedib peşəkar şəkil çəkdirməyi məsləhət görürük.

Nümunə:

TOFİQ RƏSULOV

tofigrasulov@gmail.com                        

+994 55 765 34 56

Bakı şəhəri, Azərbaycan

İsmayıl Qəribov, 62, ev 24

ƏSAS BACARIQLAR

Burada müraciət etdiyiniz vakansiyaya uyğun olan bacarıqlarınızı qeyd etmək lazımdır. Bu baxımdan ümumi, hər kəsin qeyd edə biləcəyi xüsusiyyətləri yox, spesifik və individual olanları qeyd etməyi tövsiyə edirik.

Nümunə:

  • könüllülərin idarəçiliyi
  • effektiv yazı qabiliyyəti
  • sosial media idarəçiliyi
  • yaradıcı düşüncə
  • layihə idarəçiliyi
  • təqdimat bacarığı

İŞ TƏCRÜBƏSİ

VACİB QEYD: bütün tarixi ardıcıllıq olan hissələrdə (iş, təhsil, təlim və tədbirlər, könüllü iş) son olan birinci gəlir. Məsələn, universitet təhsili məktəb təhsilindən əvvəl gəlir, magistr təhsili isə bakalavr təhsilindən əvvəl.

Lazımdır: Şirkətin adı, vəzifəniz, işlədiyiniz müddət və gördüyünüz öhdəliklər.

Lazım deyil: Aldığınız maaş, ayrılma səbəbi.

Rəqəmlər və nailiyyətlər: rezümedə gördüyünüz işləri daha da anlaşılan etmək üçün rəqəmlər əlavə edin. Misal: - satışın idarəedilməsi, yaxşı izah – satışın idarəedilməsi (30% artım).

Nümunə:

Cross&Gym Funksional İdman Zalı                                          May – Dekabr 2018

Məşqçi-Konsultant

  • İndividual proqramların hazırlanması (100-dən çox müştəri)
  • Müştərilərin inkişafının ölçülməsi
  • Müştəri məmnuniyyətinə nəzarət proqramının tətbiqi (90%-dən çox müştəri məmnuniyyəti)
  • Zalın ümumi idarəçiliyinə nəzarət

 

TƏHSİL

Lazımdır: Universitet (məktəb), dərəcə (magistr, bakalavr ya doktorantura), ixtisas, oxuduğunuz müddət, müraciət etdiyiniz vakansiyaya uyğun dərslər.

Lazım deyil: oxuduğunuz bağça. Əgər oxuduğunuz orta məktəb məşhur bir təhsil müəssisəsi və ya lisey deyilsə, onu qeyd etmək o qədər də önəmli deyil.

Dərslər və araşdırmalar (kurs işləri): müraciət etdiyiniz vakansiyaya uyğun dərsləri və araşdırmaları qeyd etmək yaxşı fikirdir. Təcrübəniz olmadığı təqdirdə bu məqamlar sizin bu sahədə olan biliyinizin göstəricisi ola bilər.

Nümunə:

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası        2018 - Davam edir

İdman jurnalistikası, bakalavr dərəcəsi

Götürülən dərslər:

  • Jurnalistikanın əsasları
  • Natiqlik
  • Yazı mədəniyyəti
  • Rəqəmsal media və marketinqin əsasları

KÖNÜLLÜLÜK

Lazımdır: çalışdığınız layihə və ya təşkilat, sizin vəzifəniz, müddət və gördüyünüz işlər.

Nümunə:

ASAPES, Tələbə Gənclər Təşkilatı                                Sentyabr 2018 – Davam edir

Layihələr üzrə koordinator

  • Layihələrin yazılması (5 layihə)
  • Könüllü komandanın yığılması və idarəçiliyi (30 könüllü)
  • Layihələrin hesabatlarının hazırlanması
  • Təlim və tədbirlərin təşkili

Lazımdır: Təlimin adı, keçirən qurum, tarix, ölkə, şəhər. Bu hissədə də ən son iştirak etdiyiniz təlim ilk olaraq qeyd olunmalıdır.

Nümunə:

Könüllülərin qış düşərgəsi, ATGTİ, Bakı, Azərbaycan                    23-28 Yanvar 2018

Rezüme hazırlığı seminarı, ASAPES, Bakı, Azərbaycan                 19 Noyabr 2017

DİL VƏ KOMPÜTER BACARIQLARI

Hazırda ən vacib hissələrdən biri sizin dil bacarıqlarınız və kompüter biliklərinizdir. Ona görə bu hissəyə xüsusi diqqət yetirmək lazımdır. Ən yaxşı bildiyiniz dil birinci gəlməlidir və ardıcıllıq elə də davam etməlidir. Əgər biliyinizi təsdiq edən sertifikat varsa, onu qeyd edə bilərsiz (məsələn, yaza bilərsiniz ki, ingilis dili - çox yaxşı (IELTS 6.5).

Nümunə:

Azərbaycan dili – ana dili

Rus dili – çox yaxşı

İngilis dili – yaxşı (IELTS 6.0)

Ərəb dili – başlanğıc

MARAQLAR

Lazımdır: xüsusi, spesifik, Sizi fərqləndirəcək maraqları qeyd etmək.

Məsələn:

Alpinizm, bloqçuluq, yapon ədəbiyyatı, şeir yazmaq.

Lazım deyil: şablon və ümumi maraqları qeyd etmək.

Məsələn - kitab oxumaq, musiqi dinləmək, dostlarla görüşmək.

DİZAYN VƏ FORMAT

Rezüme 2 səhifədən çox olmamalıdır.

Format: A4

Yazı tipi: Times New Roman, Arial

Yazı ölçüsü: Ad14 (diğər yazılardan daha böyük və qalın)

Başlıqlar: 13 ölçüdə

Mətn: 11 və ya 12 (şirkət və müəssisələrin adı bolt olmaqla)