Müsahibəyə hazırlıq
Sizi “müsahibə nədir və mən müsahibəyə necə hazırlaşım” sualı düşündürür?
Əziz və hörmətli tələbə və məzunlar,
Hazırladığımız bu qısa icmalın məqsədi Sizi müsahibə anlayışı ilə tanış etmək və ona hazırlığın effektiv yolları barədə məlumat verməkdir.
Müsahibə bir tərəfdən potensial işəgötürənin Sizin bacarıq, təcrübə və şəxsi keyfiyyətlərinizin müvafiq vakansiyaya nə qədər uyğun olub-olmadığını müəyyən etmək, digər tərəfdən isə işaxtaran namizədin həmin vakansiya və şirkətin onun məqsədinə, gələcək planlarına və maraqlarına nə dərəcədə uyğun olub-olmamasını müəyyən edən bir prosesdir.
Qızıl qayda: müsahibədən ən ağıllı və ən savadlı yox, ən hazırlıqlı şəxs keçir. Ona görə də formatından, yerindən və mərhələsindən asılı olmayaraq o müsahibəyə hazırlaşmaq lazımdır.
Hazırlaşmaq nə üçün lazımdır? Müsahibənin qaydalarını bilsəniz, bu prosesə bir oyun kimi baxacaqsınız və qaydaları bildiyinizə görə xal qazanıb sonda qalib ola bilərsiniz.
Əsas məsələ odur ki, qarşı tərəf, yəni müsahibə götürənlər Sizdən bu qaydaları bilməyinizi gözləyirlər, lakin namizədlər çox vaxt bunları bilmir və ya vacib olmadığını düşünürlər.
Hazırlıq (və ya “ev tapşırığı”) 2 hissədən - özünüzü və qarşı tərəfi tanımaqdan (araşdırmaqdan) ibarətdir.
Özünü tanımağa nə aiddir:
- Bu işə uyğun bacarıq və təcrübələriniz hansılardır?
- Əsas nailiyyətləriniz nədir?
- Rezümeyə əlavə etmədiyiniz, lakin bu işə uyğun məqamlar varmı?
Qarşı tərəfi (işəgötürəni) tanımağa nə aiddir:
- Şirkət barədə ümumi məlumat, yəni nə vaxt yaradılıb, məqsədi, vizyonu və dəyərləri nədir?
- Hansı istiqamətlərdə çalışır, əsas məhsul və fəaliyyətləri nələrdir?
- Ən böyük uğur və nailiyyətləri hansılardır?
- Son layihələri və gələcək planları nədir?
Bunun üçün əsasən şirkətin saytını və sosial media hesablarını (Facebook, Linkedln) incələyin.
Son mərhələ isə uyğunlaşdırmadan ibarətdir. Bunun üçün həmən vakansiyada qeyd olunan “öhdəliklər və vəzifələr” hissəsinə xüsusi diqqət yetirin və orada qeyd olunanlara uyğun hansı təcrübə, bilik və bacarıqlarınızın olduğunu müəyyən edin. Məsələn, əgər liderlik təcrübəsi tələb olunursa, siz layihədəki menecer işinizdən, Akademiyada futbol komandasında kapitanlığınızdan və hətta qrup nümayəndəliyindən belə danışa bilərsiniz.
Zəng gəldiyi təqdirdə nə etmək lazımdır:
- Əgər münasib deyilsinizsə, qısa salamlaşıb, zəngin məqsədini öyrənib, üzr istəyib, sonra zəng edə biləcəyinizi bildirin;
- Əgər münasibsinizsə və Sizi çoxdan gözlədiyiniz bir şirkətə müsahibəyə dəvət edirlərsə, sevindiyinizi göstərmək lazımdır, lakin emosiyalarınıza hakim olun;
- Müsahibə vaxtı sizə uyğun deyilsə bunu bildirin və öz təklifinizi irəli sürün;
- Müsahibənin kiminlə olacağını zəng zamanı öyrənin;
- Özünüzlə nə gətirməli olduğunuzu soruşun (rezümenin bir nüsxəsini, keçmiş iş yerlərindən xasiyyətnamə və s.).
Unutmayın, müsahibə və Sizi qiymətləndirilmə prosesi artıq ilk zənglə başlayır və ona görə də məsələyə peşəkar yanaşın.
Necə geyinmək lazımdır?
Şirkətin geyim tərzi barədə araşdırma edib ona uyğun geyinin.
Əgər heç bir məlumatınız yoxdursa, onda rəsmi geyimə üstünlük verin. Geyim sadə, təmiz və səliqəli, neytral rəngli kostyum və ayaqqabı olmalıdır.
Müsahibəyə çox bəzənib getməyin.
Mövsüm geyimlərindən uzaq olun (şort, gödəkçə, sviter və s.)
Müsahibəyə gedərkən özünüzlə nə götürmək olar?
Rezümenizin 2 nüsxəsini;
Qeyd dəftəri və qələm (əgər müsahibə zamanı nəsə qeyd etmək istəyirsinizsə);
Tövsiyə məktubları.
Müsahibənin TOP sualları
Hər bir müsahibə fərqli vakansiya və fərqli ehtiyac səbəbi ilə keçirilsə belə, işəgötürənin məqsədi eynidir və HR-lar əsasən 2 suala cavab axtarır:
Bu insan bu işi görə bilərmi? (bacarıq və bilikləri imkan verirmi?)
Bu insan bizim şirkətə uyğundurmu? (şəxsi keyfiyyətləri necədir, onunla insan olaraq işləyə bilərikmi?)
Ona görə də müsahibədə verilən bütün suallar yuxarıda qeyd olunan suallara cavab tapmaq məqsədi daşıyır.
Vacib: suallara cavab verərkən Siz özünüzün eşitmək istədiyinizi yox, qarşı tərəfin eşitmək istədiyini nəzərə alın. Bunu necə müəyyən etmək olar? Məsələn, “nəyə görə burada (ya bizimlə) işləmək istəyirsiniz?” sualına “iş tapmaq, pul qazanmaq, inkişaf etmək” istəyirəm cavablarındansa, “mənim üçün öz sahəsində lider olan şirkətdə işləmək çox əhəmiyyətlidir” demək daha uyğundur.
Hər bir müsahibədə suallar fərqli olacaq, lakin biz aşağıda Sizə ən çox qarşınıza çıxa biləcək sualların siyahısını və cavab vermə texnikasını təqdim etmişik:
Özünüzü təqdim edin
Müsahibə adətən bu sualla başlayır və ilk cavabın təsiri müsahibənin gedişatına təsir göstərir. Sadə sual kimi görsənir, lakin bir çoxları “nə deyim, heç bilmirəm” deyir. Suala qısa, 2-3 dəqiqəlik özünüz barədə danışmaqla cavab verin.
Nəyə görə Sizi seçməliyik?
Müsahibə götürən şəxs Sizə “Nəyə görə Sizi seçməliyik?” sualını verəndə əslində “Sizin hansı xüsusiyyətləriniz Sizi bu işə ən uyğun namizəd edir?” deyə soruşur.
Bu suala cavab vermək üçün Siz:
1. Müsahibədən əvvəl bu işin təsviri ilə tanış olursunuz;
2. İşəgötürənin hansı xüsusiyyətləri axtardığını müəyyənləşdirirsiniz;
3. Bu xüsusiyyətləri Sizin bacarıq və səriştələrinizlə qarşılaşdırırsınız;
4. Sizdə bu xüsusiyyətlərin olduğunu qeyd edib inandırırsınız.
Niyə bu yerdə işləmək istəyirsiniz?
Bu sualı verən HR Sizin bu şirkətdə işləmək istəməyinizin əsl səbəblərini və şirkət barədə nə dərəcədə bilikli olduğunuzu öyrənmək istəyir. Bununla yanaşı, burada Sizin nə qazanacağınızdan daha çox şirkətin nə qazanacağını qeyd etmək lazımdır (ardıcıllıq belə olmalıdır: Şirkət mənim kimi işçini əldə etməkdən nə qazanacaq - Mən belə şirkətdə işləməkdən nə qazanacağam. Bu suala cavab verərkən, biz eşitmək istədiyimizdən daha çox HR-ın eşitmək istədiyini nəzərə almalıyıq).
Cavab verərkən güclü əsaslandırma olmalıdır. Məsələn, “mən Sizin şirkətin ana dəyərləri və fəlsəfəsi ilə tanış oldum. “Düzgünlük və Ədalət” mənim üçün də sadəcə söz yığını deyil və buna görə də mən seçimimi sizdə edirəm”. HR eşitmək istəyir ki, namizəd bu şirkətdə sadəcə iş axtardığına görə işləmək fikrində deyil.
İş yerinizi nəyə görə dəyişirsiniz?
Bu sualı verən müsahibin əsas məqsədi işinizdən ayrılma səbəblərini öyrənərək Sizin işçi kimi rəsminizi cızmaq, üstünlüklərinizi anlamaq və gələcəkdə Sizi işə götürəcəyi təqdirdə Sizdən nə gözləyəcəyini bilməkdir.
Qızıl qayda: Heç vaxt və heç bir halda bu suala cavab verərkən keçmiş və ya indiki rəhbərliyi və ya iş yoldaşlarınızı pisləməyin. Bu, kənardan heç də yaxşı görsənmir.
Ümumi qayda odur ki, Siz hər zaman daha yaxşı imkanlar əldə etmək üçün can atırsınız və deyirsiniz ki, “mən əslində öz işimdən razıyam və dəyişməyi düşünmürdüm, sadəcə Sizin təklif etdiyiniz iş mənim çoxdankı arzumdur deyə, mən işimi dəyişmək barəsində düşünməyə başladım”.
Özünüzü 5-10 ildən sonra harada görürsünüz?
Bu sualı verməkdə əsas məqsəd Sizin karyera planlarınızı daha yaxşı anlamaq və təklif olunan vakansiyanın Sizin əsas planlarınıza nə qədər uyğun olduğunu görməkdir.
Bütün suallarda spesifik olmağa çalışmaq lazımdır, lakin bu sual istisnadır. Düzgün cavab verməklə yanaşı, tam detallara getmək məcburiyyətində də deyilsiniz.
Siz cavabınızı elə qurmalısınız ki, işlə əlaqədar müraciətiniz gələcək karyera planınızla məntiqli olsun. Daha sonra bu işi həqiqətən də əldə etmək istəyirsinizsə, Sizin cavabınız müsahibə götürənin axtardığı insan tipindən asılı olacaqdır. Məsələn, bu şəxsin iki ildən sonra daha yuxarı vəzifəyə getmək üçün ambisiyalara sahib olması və ya bu vəzifədə uzun müddət qalacaq bir insanın axtarılması ola bilər.
Sizin güclü tərəfləriniz nələrdir?
Bu sual hər cür iş və müsahibə növündə öndə gələnlərdəndir. Burada “bilmirəm”, “bunu məndən yox, ətrafdan soruşmaq lazımdır” tipli cavablardan qaçın. Bu sualı verən şəxs sizin özünüzü nə qədər yaxşı tanıdığınızı bilmək istəyir.
Burada iş təsvirinə baxın və ən çox ehtiyac duyulan bacarıqların hansı olduğunu müəyyən etməyə çalışın. Əgər bu bacarıqlar sizdə varsa, onları mütləq qeyd edin.
Bir sira uğurlu misallar: prioritetlərə görə düzmək bacarığı, problem həll etmə qabiliyyətləri, təyziq altında işləmə bacarığı, layihəyə fokuslanma bacarığı, peşəkar ekspertiza, liderlik bacarığı, pozitiv münasibət.
Sizin zəif tərəfləriniz hansılardır?
Burada da eyni şəkildə məqsəd namizədin özünü nə qədər tanıdığını müəyyən etməkdir.
Bu cür suallara siyasətçi kimi cavab vermək lazımdır. Siz mənfi aspektlərə toxunmaq istəmirsiniz, lakin onlar hər nə qədər əhəmiyyətsiz olsa da, birinə toxunmaq lazım gələcək. Bu üsullardan biri də odur ki, seçilmiş zəif tərəfinizin həqiqətdə heç də zəif olmaması ortaya çıxsın. Məsələn, siz deyə bilərsiniz ki, işə o qədər aludə olursunuz ki, bəzən ailəniz sizin diqqətinizdən kənarda qalır. Lakin şirkət bundan udmuş olur. Digəri isə həqiqətən zəif olan, lakin üzərində çalışdığınız xüsusiyyət ola bilər – məsələn, “Excel proqramını bilmirəm, lakin kursa yazılmışam və inkişaf etdirməyə çalışıram”.
İşinizdə ən böyük nailiyyətləriniz hansı olub?
Bu tip sual sizə özünüzü “satmaq” şansı verir. Müsahibə götürən bilmək istəyir ki, siz nəyəsə nail olan və özünə inanan insansınız.
Vakansiyaya hər hansı bir şəkildə aid olan, hətta ümumi olan nailiyyətlərdən danışın. Bunu nəyə görə ən böyük nailiyyət hesab etdiyinizi də açıq şəkildə izah etməlisiniz. İmkan daxilində etdiyinizin obyektiv xüsusiyyətlərinə də istinad edin. Məsələn, rəhbərinizin sizin haqqınızda müsbət şərhi və ya illik attestasiyanızın yüksək qiymətləndirməsi buna misal ola bilər. Heç bir əsas olmadan özünüzü vəsf edən insan təsəvvürü də yaratmayın.
Bu vəzifədən nə gözləyirsiniz?
Burada əsas məqsəd sizin səylərinizlə işin təsvirinin üst-üstə düşməsini və sizin bu vəzifəni nə dərəcədə dərk etdiyinizi müəyyən etməkdir.
Siz elə şeyləri seçməlisiniz ki, gələcək işinizə birbaşa aidiyyəti olsun. Bəzi müsahibə götürənlər söhbətə vəzifə haqqında qısa məlumatla başlayırlar. Bu qiymətli məlumatı siz başqa cür ifadə edə və ya təkrarlamaqla müvafiq suallara cavab verə bilərsiniz. Fərz edək ki, müsahibə götürən şöbəyə idmanla məşğul olan idmançıların fiziki, nəzəri, texniki idman hazırlığının artırılmasını təmin etməyi bacaran bir mütəxəssis lazımdır. Siz bu məlumatı belə istifadə edə bilərsiniz: “Mən gələcəkdə idman məşqlərinin aparılma metodlarını təkmilləşdirmə imkanlarını dəyərləndirirəm, həmçinin gördüyüm işlərin nəticələrini ümumiləşdirir və təhlil edirəm. Bu yaxınlarda mənə regionlardakı işlərin təhlili ilə əlaqədar təşəkkür elan edilib. Bununla belə, mən çox istərdim ki, bu işimdə beynəlxalq fəaliyyətlərin elementləri də olsun. Hesab edirəm ki, bu vəzifə mənim indiki təhlil bacarıqlarımı tamamlamaqla beynəlxalq şirkətlərlə olan əlaqələrin də bu fəaliyyətlərimə daxil olması ilə daha da genişlənəcəkdir”.
Əmək haqqı barədə gözləntiləriniz?
Hər şey əla gedir və müsahibənin sonuna doğru gedirik. Sonda verilən və ən çətin əngəllərdən biri olan suala yaxınlaşırıq.
Vacib məqam odur ki, Sizin indi aldığınız və istədiyiniz maaş arasında dağlar qədər fərq olmasın. Məsələn, Siz indi 350 AZN alırsınız və yeni iş yerinizdə ən az 900 AZN-lik əmək haqqı istəsəniz, bu istəyə müsbət baxılmayacaq.
Yaxşı olar ki burada birbaşa rəqəm qeyd etməyəsiniz. Deyə bilərsiniz ki, təxmini gözləntim bu qədərdir. Digər cavab isə “mənim üçün işdə əsas maaş deyil. Ehtiyaclarımı qarşılamaq üçün isə gözləntim filan qədərdir”.
Müsahibədə Sizin verə biləcəyiniz TOP 10 sual
Müsahibədə namizəd də sual verir və bu həmin namizədin hazırlığının sübutudur.
Mənim iş öhdəliklərimə nə aid olacaq?
Hər bir şirkətin öz qanunları var və buna görə də iki şirkətdə eyni vəzifənin fərqli funksional öhdəlikləri ola bilər və olur. Bu məlumatları əldə edən namizəd öz gücü və təcrübəsinə əsasən, bu işin ona nə qədər uyğun olduğunu müəyyən edə bilər.
Bu yeni vəzifədir ya köhnə?
Bu sual sizə imkan verir ki, vəzifə barədə bir çox məqama aydınlıq gətirəsiniz. Belə ki, əgər bu vəzifə çoxdan varsa, onda bundan əvvəlki işçi niyə görə bu işdən ayrılıb?! Əgər işinə xitam veriblərsə, səbəblərini bilmək olarmı? Əgər yeni vakansiyadırsa, onda nəyə görə belə bir ehtiyac yarandı və yeni işçidən gözləntilər nələrdir?
Şirkətdə iş rejimi nəcədir?
Şirkətlər fərqli olduğundan iş rejimləri də fərqlidir. Bu həm işin başlama və bitmə vaxtlarına, həm də iş günlərinin sayına aiddir. Bu məlumatları əvvəldən öyrənmək işə qəbul olunandan sonra Sizi xoş olmayan sürprizlərdən qoruyacaq. Bu sualı versəniz belə, əvvəldə verməyiniz məsləhət deyil və yaxşı olar ki, sonda ünvanlayasınız.
Təcrübə dönəmi varmı? Məndən gözləntilər nə olacaq?
Təcrübə müddəti şirkətdən asılı olaraq bir aydan üç aya kimi ola bilər. Adətən həmin müddətdən asılı olaraq işçinin qarşısına müxtəlif məqsədlər qoyulur və onların nəticəsinə əsasən müəyyənləşdirirlər ki, Sizinlə davam etsinlər ya yox?
Şirkətdə işçilərin inkişafı üçün hansı fəaliyyətlər reallaşdırılır?
Sadəcə pulu yox, daha çox inkişaf və püxtələşməni düşünən kadrlar bu sualdan çox istifadə edirlər. Bu günlərdə təlimlər, seminarlar, xarici təcrübə proqramları gənc kadrlar tərəfindən çox yüksək qiymətləndirilir və ona görə də bu sual şirkətin işçilərinin inkişafını nə qədər əhəmiyyətli saydığını öyrənmək üçün vacibdir.
Birbaşa müdirim kim olacaq?
Bir çox şirkətin ierarxiya sisteminə əsasən, sizin işi və birbaşa fəaliyyətinizi müdirinizdən yaxşı heç kim bilməyəcək. Ona görə onun vəzifəsi və kimliyi vacibdir. Əgər müsahibə zamanı o şəxslə görüşmək və tanış olmaq imkanı yaranırsa, bu əlinizə düşən çox yaxşı imkandır, dəyərləndirin.
Bu vəzifənin artım və inkişaf perspektivləri nədir?
Bu hər bir işçini birbaşa maraqlandıran sualdır, lakin çoxumuz bu sualı verməyə çəkinirik. Çəkinməyin, əsas odur ki, diqqəti görəcəyiniz işin həcminə və məsuliyyətinə yönəldin.
Bu işdə uğurlu olmaq üçün ən vacib xüsusiyyətlər hansılardır?
Bu sual iş təsvirində qeyd olunmayan dəyərli məlumatı əldə etməkdə sizə kömək olar. Həmçinin, şirkət mədəniyyəti və onların gözləntiləri Sizin o işə uyğun olmağınıza kömək edə bilər.
Gələcək illər üçün şirkətin qarşısına qoyduğu ən böyük hədəflər nələrdir?
Bu sual Sizin şirkət barədə biliklərinizi göstərməklə yanaşı, məsələyə böyük çərçivədən baxmağı bacardığınızı göstərə bilər.
İşim hansı meyarlara əsasən və necə qiymətləndiriləcək?
Şirkətin öz işçilərinin effektivliyini necə ölçməsi barədə məlumatlı olmaq vacibdir. Bu, karyera nərdivanında irəliləmək üçün nə etmək lazım olduğunu bilməyə kömək edəcək. Bundan başqa, işə götürənlə sizin qiymətləndirmə metodlarınızın nə qədər üst-üstə düşdüyünü bilmək maraqlıdır.
Müsahibədən sonra nə etmək olar?
Bəli, müsahibə təkcə işəgötürənlə olan görüşlə bitmir. Müsahibədən sonra ilk növbədə özünüzü qiymətləndirməyə çalışın. Bunun üçün Sizə verilən suallara və sizin o suallara verdiyiniz cavablara fikir vermək lazımdır. Ehtiyac duyulduğu təqdirdə bu məsələ ilə bağlı Karyera Mərkəzinə müraciət edə bilərsiniz.
Müsahibədən sonra işəgötürən şəxsə və şirkətə təşəkkür məktubu yazmaq lazımdır. Bununla Siz bir daha işə marağınızı və peşəkarlığınızı göstərməklə yanaşı, özünüz barədə xatırlada da bilərsiniz.