Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Karyera xəritəsi

DÖRD İLLİK KARYERA PLANLAMASI

  • Uğurlu karyera planlaması sizə daha çox uğur qazanmağa və daha bacarıqlı olmağa imkan verir.
  • Haradan başlamaq lazımdır?

BİRİNCİ İL – ARAŞDIR!

Özünü araşdır: hər yolun başlanğıcında ÖZ, yəni insanın özünü tanıması var.

Bəs nələri müəyyən etmək lazımdır?

Maraqlarınızı, bacarıqlarınızı və öz seçimlərinizi müəyyən edin – bunlar karyera ilə bağlı qərar vermə prosesində ən vacib amillərdir.

Maraq dairənizi müəyyən edin:

  • Universitet həyatı: Akademiya gələcək dörd il ərzində sizin həyatınızda mühüm rol oynayacaq və ona görə də universitet həyatınızı düzgün qurmağa çalışın. İlk olaraq universitetin və fakültənizin sizin üçün yaratdığı imkanlarla daha yaxından tanış olun.
  • Karyera Mərkəzi (KM) nümayəndələri ilə görüş: yaxşı olar ki, KM nümayəndələri ilə hər rüb görüşəsiniz və baş vermiş dəyişiklikləri müzakirə edərək karyeranızda növbəti addımları müəyyən edəsiniz.
  • İlk rezüme: “Rezüme” sözünü bu illər ərzində çox eşidəcəksiniz və o sizə ən çox lazım olan sənədlərdən biri olacaq - həm iş axtarışında, həm könüllülük proqramlarında, həm də layihələrdə iştirakda. Ona görə də, çox gecikdirmədən ən qısa zamanda ilk rezümenizi hazırlayın. Sonra isə onu KM-də yoxlatdırın. Bu işdə peşəkarların fikri çox önəmlidir.
  • İlk könüllülük: bu cür fəaliyyət növü çox mənada xeyirlidir - özünüzü tanımaq, daha geniş əhatə dairəsinə sahiblənmək, lazımlı olmaq, bacarıqlarınızı və biliklərinizi inkişaf etdirmək istiqamətində könüllü proqramları əvəzedilməz dəstək ola bilər.

Könüllülük imkanları barədə həm Akademiya daxilindən (Karyera Mərkəzi, dekanliq), həm də xaricindən (gənclər təşkilatları, sosial şəbəkələr) məlumat əldə etmək olar. Birinci il üçün ən azı bir təşkilata qoşulun və oradakı layihələrdə mütəmadi olaraq iştirak edin.

  • ÜOMG (ümumi orta müvəffəqiyyət göstəricisi): dərslər və imtahanlar hərdən keşməkeşli olsa belə, onlar tələbə həyatının əvəzedilməz bir hissəsidir. Elə bu səbəbdən də çalışın bu sahəyə kifayət qədər vaxt ayırasınız ki, yekun nəticədə qiymətləriniz yaxşı olsun.
  • Xarici dil biliyi: Azərbaycanda və ya ölkədən kənarda karyera qurmağınızdan asılı olmayaraq, xarici dil biliyi hazırda çox önəmlidir. Ona görə də iş qurduğunuz sahəyə uyğun olaraq bir xarici dil müəyyən edib (ingilis və ya rus) onu inkişaf etdirin.

İKİNCİ İL - KƏŞF ET!

Karyera Mərkəzi ilə görüş: hər ilin əvvəlində Karyera Mərkəzinin mütəxəssisi ilə görüşüb bu akademik il üçün məqsədlərinizi təyin edin.

İnformativ müsahibələr: sahənizi seçəndən sonra və yaxud bir neçə seçim qarşısında olduğunuz təqdirdə yaxşı olar ki, həmən sahənin (sahələrin) peşəkarlarını taparaq onlarla görüşəsiniz. Belə görüşlərə informativ müsahibə deyilir. Bu məlumatlar sizə son seçimi etməkdə birbaşa kömək ola bilər.

Şəbəkə: şəbəkələşmə həm iş, həm də şəxsi həyatınızda faydalana biləcəyiniz başlıca ünsiyyət bacarığıdır. Ona görə də çalışın ki, ətrafınızı sizin sahədə çalışan şəxslərlə genişləndirəsiniz.

Peşəkar inkişaf: sahənizə uyğun olan peşəkar inkişaf imkanlarından (seminarlar, konfranslar, təlimlər, görüşlər) yararlanın. Onlar sizin peşəkar biliyinizi artırmaqla yanaşı, ətrafınızı da formalaşdıracaq.

Təşkilat/Layihədə idarəçilik: liderlik və idarəçilik bacarıqlarınızı inkişaf etdirmək üçün hər hansı layihə və ya təşkilatda (yerli və ya beynəlxalq) idarəçilik vəzifəsində iş əldə etməyə çalışın.

Xarici dil biliyi: xarici dildə danışıq bacarığınıza xüsusi diqqət yetirin. Həmin dili inkişaf etdirmək üçün xaricdə olan tədbir, təlim və düşərgələr axtarın (məsələn, Erasmus+ proqramları).

Yay təcrübəsi: tədris zamanı çətin ola bilər, lakin yay tam bir təcrübə zamanıdır. Həmin ilin fevral ayından başlayaraq öz sahəniz üzrə çalışan şirkətlərin siyahısını tərtib edərək onlarla əlaqə saxlamağa çalışın. Hər hansı proqram və təcrübə proqramı olduğu təqdirdə ora müraciət edin. Bu proqramlar sizə sahəniz üzrə real iş təcrübəsi əldə etmək imkanı verəcək.

ÜÇÜNCÜ İL – İNKİŞAF ET!

Karyera Mərkəzi ilə karyera planlaması görüşü: hər ilin əvvəli Karyera Mərkəzinin mütəxəssisi ilə görüşüb bu akademik il üçün məqsədlərinizi müəyyənləşdirin – hansı bacarıqları inkişaf etdirəcəksiniz, hansı təlimlərdə iştirak etməlisiniz, hansı sertifikatı əldə etmək lazımdır, hansı dil bacarıqlarını təkmilləşdirməlisiniz və s.

Karyera sərgisi: Akademiya daxilində və xaricində təşkil olunan sərgilərdə iştirak şərtdir! Siz artıq sahənizi seçmisiniz və bu sahə üzrə maraqlı ola biləcək şirkətləri də müəyyənləşdirmisiniz. Sərgidə iştirak etməkdə əsas məqsəd şirkət nümayəndələri ilə tanışlıq və iş imkanları barədə məlumat əldə etməkdir.

Müsahibəyə hazırlıq: bu ildən başlayaraq siz daha çox müsahibələrdə iştirak edəcəksiniz və buna görə də Karyera Mərkəzi ilə görüş təyin edib onlardan müsahibəyə hazırlıq mövzusunda kömək istəyə bilərsiniz.

Xaricdə təhsil: əgər təhsilinizi xaricdə davam etdirmək istəyirsinizsə, o zaman siz bu ildən bu mövzuda çalışmağa başlamalısınız. Cavab verməli olduğunuz suallar: Hansı ixtisas? Hansı ölkə? Hansı təqaüd? Bu məqamda xarici dil bilikləri çox lazım olacaq.

Yarım iş günü / təcrübə proqramı: öz sahəniz üzrə təcrübə toplamağı davam etdirmək lazımdır və bunun üçün ən yaxşı imkan seçdiyiniz istiqamət üzrə yarım günlük iş tapmaqdır.

DÖRDÜNCÜ İL - ƏLDƏ ET!

Karyera Mərkəzi ilə karyera planlaması görüşü: artıq sonuncu kursdur və Akademiyadan sonrakı həyatı planlamaq lazımdır.

Rezüme və istək məktubunu yenilə: hər il rezüme və istək məktubunuza nəzər yetirib yeniləmək məsləhət görülür.

Xaricdə təhsil: xaricdə təhsil seçimini etmisinizsə, o zaman xarici dil imtahanlarına hazırlaşmaq lazımdır – IELTS, TOEFL, YÖS, TESTDAF və s.

Tam iş gününə hazırlıq: Akademiyadan sonra işləyəcəyiniz iş yerini axtarmaq lazımdır. Bunun üçün şirkətlərə birbaşa müraciət, karyera sərgilərində iştirak və iş axtarma saytlarından istifadə etmək olar.