Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Müsahibə nədir?

Müsahibə nədir və mən müsahibəyə necə hazırlaşım sualı düşündürür sizi?

Əziz və hörmətli tələbə, bu hazırladığımız qısa icmalın məqsədi Sizi müsahibə anlayışı ilə tanış etmək və ona hazırlığın effektiv yolları barədə məlumat verməkdir.

Müsahibə bir tərəfdən potensial işə götürənin sizin bacarıq, təcrübə və şəxsi keyfiyyətlərinizin  müvafiq vakansiyaya nə qədər uyğun olub-olmadığını müəyyən etmək üçün təşkil olunan bir prosesdir.  Digər tərəfdən isə iş axtaran namizədin həmin vakansiya və şirkətin onun məqsəd, gələcək planlarına və maraqlarına nə qədər uyğun olub-olmamasını müəyyən edən bir  prosesdir.

Qızıl qayda: müsahibədən ən ağıllı və savadlı yox, müsahibəyə ən hazırlıqlı şəxs keçir. Ona görə də müsahibənin formatından, yerindən, mərhələsindən asılı olmayaraq o müsahibəyə hazırlaşmaq lazımdır.

Hazırlaşmaq nə üçün lazımdır? Müsahibəyə bir yarışma, bir oyun kimi baxın harada ki, Siz qaydaları bildiyinizə görə xal qazanıb sonda qalib ola biləsiniz.

Əsas məsələ odur ki, qarşı tərəf yəni müsahibə götürənlər Sizdən bu qaydaları bilməyinizi gözləyirlər, lakin namizədlər çox vaxt bunları bilmir və ya vacib olmadığını düşünürlər.

Hazırlıq (və ya “ev tapşırığı”) 2 hissədən ibarətdir – özünüzü və qarşı tərəfi tanımaqdan (araşdırmaqdan).

Özünü tanımağa nə aiddir:

  • Bu işə uyğun bacarıqlarınız və təcrübələriniz hansılardır
  • Əsas nailiyyətləriniz
  • Rezumeyə əlavə etmədiyiniz lakin bu işə uyğun hansı məqamlar
  • Düzəliş olası və inkişaf etdiriləsi sahələr

Qarşı tərəfi (işəgötürəni) tanımağa nə aiddir:

  • Şirkət barədə ümumi məlumat, yəni nə vaxt yaradılıb, məqsəd, vizyonu  və dəyərləri nədir
  • Hansı istiqamətlərdə çalışır, əsas məhsul və fəaliyyətləri nələrdir
  • Ən böyük uğur və nailiyyətləri hansılardır
  • Son layihələri və gələcək planları nədir

Bunun üçün əsasən şirkətin saytını və sosial media hesablarını (facebook, linkedln) incələyin.

Son mərhələ isə uyğunlaşdırmadan ibarətdir. Bunun üçün həmən vakansiyada qeyd olunan “öhdəliklər və vəzifələr” hissəsinə xüsusi diqqət yetirin və orada qeyd olunanlara uyğun hansı təcrübə, bilik və bacarıqlarınızın olduğunu müəyyən edin. Misal üçün, əgər liderlik təcrübəsi tələb olunursa, siz layihədəki menecer işinizdən, universitet futbol komandasında kapitanlığınızdan və hətta qrup nümayəndəliyindən belə misal verə bilərsiniz.

Zəng gəldiyi təqdirdə nə etmək lazımdır:

  • Əgər münasib deyilsinizsə, qısa salamlaşıb, zəngin məqsədini öyrənib, üzürxaqlıq edib, sonra zəng edə biləcəyinizi bildirirsiniz
  • Əgər münasibsinizsə və Sizin çoxdan gözlədiyiniz bir şirkətə müsahibəyə dəvət edirlərsə, sevindiyinizi göstərmək lazımdır, lakin emosiyalarınıza hakim olan vəziyyətdə
  • Müsahibə vaxtı sizə uyğun deyilsə bunu bildirin və öz variantınızı irəli sürün
  • Müsahibə kiminlə olacaq məlumatını zəng zamanı öyrənin
  • Özünüzlə nə gətirməlisiniz sualını verin (misal üçün rezumenin bir  nüsxəsini, keçmiş iş yerlərindən xasiyyətnamə və s.)

Unutmayın, müsahibə və Sizin qiymətləndirilmə prosesi artıq ilk zənglə başlayır və ona görə də məsələyə peşəkar yanaşın.

Necə geyinmək lazımdır?

  • Şirkətin geyim tərzi barədə araşdırma edib ona uyğun geyinmək olar.
  • Əgər heç bir məlumatınız yoxdursa, onda rəsmi geyimə üstünlük verin. Geyim sadə, təmiz və səliqəli, neytral rəngli kostyum və ayaqqabı olmalıdı
  • Müsahibəyə çox bəzənib getməyin
  • Mövsüm geyimlərindən uzaq olun (şort, gödəkçə, sviter və s.)

Müsahibəyə gedərkən özünüzlə nə götürmək olar?

  • Rezumenizin 2 nüsxəsini
  • Bloknot və qələm (əgər müsahibə zamanı nəsə qeyd etmək istəyirsinizsə)
  • Tövsiyə məktubları

Müsahibənin TOP sualları

Hər bir müsahibə fərqli vakansiya və fərqli ehtiyac səbəbi ilə keçirilsə belə işəgötürənin məqsədi eynidir və o əsasən 2 suala cavab axtarır:

  • Bu insan bu işi görə bilərmi? (bacarıq və bilikləri imkan verirmi)
  • Bu insan bizim şirkətə uyğundurmu? (şəxsi keyfiyyətləri necədir? İnsan olaraq işləyə bilərikmi onunla?)

Ona görə də müsahibədə verilən bütün suallar bu yuxarıdakı suallara cavab tapmaq məqsədi daşıyır.

Vacib: verilən suallara cavab verərkən siz özünüzün eşitmək istədiyinizi yox, qarşı tərəfin eşitmək istədiyini nəzərə alın. Bunu necə müəyyən etmək olar? Misal üçün “nəyə görə burada (ya bizimlə) işləmək istəyirsiniz?” sualına “iş tapmaq, pul qazanmaq, inkişaf etmək” istəyirəm cavablarındansa daha çox “mənim üçün öz sahəsində lider olan şirkətdə işləmək çox əhəmiyyətlidir.”

Hər bir müsahibədə suallar fərqli olacaq, lakin biz aşağıda sizə ən çox qarşınıza çixa biləcək sualların siyahısını və cavab vermə texnikasını təqdim etmişik:

  1. Özünüzü təqdim edin

Müsahibə normalda bu suallarla başlayır və ilk cavabın təsiri müsahibənin gedişatına təsir göstərir. Sadə sual kimi görsənir, lakin bir çoxları “nə deyim, heç bilmirəm” deyir. Suala qısa, 2-3 dəqiqəlik özünüz barədə məlumat verin.

  1. Nəyə görə Sizi seçməliyik?

Müsahibə götürən şəxs Sizə “Nəyə görə Sizi seçməliyik?” sualını verəndə əslində “Sizin hansı xüsusiyyətləriniz Sizi bu işə ən uyğun namizəd edir?” deyə soruşur.

Bu suala cavab vermək üçün Siz:

1. Müsahibədən əvvəl bu işin təsviri ilə tanış olursunuz;

2. İşə götürənin hansı xüsusiyyətləri axtardığını müəyyənləşdirirsiniz;

3. Bu xüsusiyyətləri Sizin bacarıq və səriştələrlə qarşılaşdırırsınız;

4. Sizdə bu xüsusiyyətlərin olduğunu qeyd edib inandırırsınız.

  1. Niyə görə bu yerdə işləmək istəyirsiniz?

Bu sualı verən HR Sizin bu şirkətdə işləmək istəməyinizin əsl səbəblərini və şirkət barədə nə qədər bilikli olduğunuzu öyrənmək istəyir. Bununla bir yerdə burada sizin nə qazanacağınızdan daha çox şirkətin nə qazanacağını qeyd etmək lazımdır (ardıcıllıq belə olmalıdır: Şirkət mənim kimi işçini əldə etməkdən nə qazanacaq - Mən belə şirkətdə işləməkdən nə qazanacağam. Bu suala cavab verərkən, biz eşitmək istədiyimizdən daha çox HR-ın eşitmək istəyini nəzərə almalıyıq.

Cavab verərkən güclü arqumentasiya dəyərlərin uyğunlaşmasıdır. Misal üçün, “mən Sizin şirkətin ana dəyərləri və fəlsəfəsi ilə tanış oldum. “Düzgünlük və Ədalət” mənim üçün də sadəcə söz yığını deyil və buna görə də mən seçimimi sizdə edirəm.” HR eşitmək istəyir ki, namizəd bu şirkətdə sadəcə ümumi iş axtardığına görə işləmək istəməsin.

  1. İş yerinizi nəyə görə dəyişirsiniz?

Bu sualı verən müsahibəçinin əsas məqsədi Sizin işinizdən ayrılma səbəblərini öyrənərək, Sizin işçi kimi rəsminizi cızmaq, üstünlüklərinizi anlamaq və gələcəkdə Sizi işə götürdüyü  təqdirdə Sizdən nə gözləmək olacağını bilməkdir.

Qızıl qayda:  Heç vaxt və heç bir halda bu suala cavab verərkən keçmiş və ya indiki  rəhbərliyi və ya iş yoldaşlarınızı pisləməyin. Bu, qıraqdan heç də yaxşı görsənmir.

Ümumi qayda odur ki, Siz hər zaman daha yaxşı imkanlar əldə etmək üçün can atırsınız, misal üçün Siz deyirsiniz ki, “mən əslində öz işimdən razıyam və dəyişməyi düşünmürdüm, sadəcə  Sizin təklif etdiyiniz iş mənim çoxdankı arzumdur deyə mən işimi dəyişmək barəsində düşünməyə başladım”.

  1. Özünüzü 5-10 ildən sonra harada görürsünüz?

Bu sualı verməkdə əsas məqsəd Sizin karyera planlarınızı daha yaxşı anlamağa və bu təklif olunan vakansiyanın Sizin əsas planlara nə qədər uyğun olduğunu görməkdir.

Bütün suallarda spesifik olmağa çalışmaq lazımdır, lakin bu sual istisnadır. Düzgün cavab vermək, lakin tam detallara getmək məcburiyyətində deyilsiniz.

Siz cavabınızı elə qurmalısınız ki, işlə əlaqədar müraciətiniz sizin gələcək karyera planınızla məntiqli olsun. Daha sonra bu işi həqiqətən də əldə etmək istəyirsinizsə, sizin cavabınız müsahibə götürənin axtardığı insan tipindən asılı olacaqdır. Məsələn, bu şəxsin iki ildən sonra daha da böyük vəzifələrə getmək üçün ambisiyalara sahib olması və ya bu vəzifədə uzun müddət qalacaq bir insanın axtarılması ola bilər.

  1. Sizin güclü tərəfləriniz nələrdir?

Bu sual hər cür iş və müsahibə növündə öndə gələnlərdəndir. Burada belə cavablardan qaçın “bilmirəm”, “bunu məndən yox, ətrafdan soruşmaq lazımdır”. Bu sualı verən şəxs bilmək istəyir ki siz özünüzü nə qədər yaxşı tanıyırsınız.

Burada iş təsvirinə baxın və çalışın müəyyən edəsiniz ki, burada ən çox ehtiyac duyulan bacarıqlar hansılardır və onlar sizdə varsa, onları qeyd edə bilərsiniz.

Bir sira uğurlu misallar: prioritetlərə görə düzmək bacarığı, problem həll etmə qabiliyyətləri, təyziq altında işləmə bacarığı, layihəyə fokus olma bacarığı, peşəkar ekspertiza, liderlik bacarığı, pozitiv münasibət.

  1. Sizin zəif tərəfləriniz nələrdir?

Burada da eyni şəkildə məqsəd namizədin özünü nə qədər tanıdığını müəyyən etməkdir.

Bu cür suallara siyasətçi kimi cavab vermək lazımdır. Siz mənfi aspektlərə toxunmaq istəmirsiniz. Lakin onlar hər nə qədər əhəmiyyətsiz də olsa birinə toxunmaq lazım gələcəkdir. Bu üsullardan biri də odur ki, seçilmiş zəif tərəfinizin həqiqətdə heç də zəif olmamasıdır. Məsələn, siz deyə bilərsiniz ki, işə o qədər aludə olursunuz ki, ailəniz sizin diqqətinizdən kənarda qalır. Lakin şirkət bundan udmuş olur. Digəri isə həqiqətən zəif olan lakin üzərində çalışdığınız xüsusiyyət ola bilər – misal üçün, “Excel proqramını bilmirəm, lakin kursa yazılmışam və inkişaf etdirməyə çalışıram”.

  1. İşinizdə ən böyük nailiyyətləriniz nə olmuşdur?

Bu tip sual sizə özünüzü “satmaq” şansı verir. Müsahibə götürən bilmək istəyir ki, siz nəyəsə nail olan və özündən əmin olan insansınız.

Vakansiyaya hər hansı bir şəkildə aid olan, hətta ümumi olan nailiyyətlərdən danışın. Bunu niyə görə ən böyük nailiyyət hesab etdiyinizi də açıq şəkildə izah etməlisiniz. İmkan daxilində etdiyinizin obyektiv xarakteristikasına da istinad edin. Məsələn, rəhbərinizin sizin haqqınızda müsbət şərhi və ya illik attestasiyanızın yüksək qiymətləndirməsi buna misal ola bilər. Heç bir əsas olmadan özünüzü vəsf edən insan təsəvvürü də oyatmayın.

  1. Bu vəzifədən nə gözləyirsiniz?

Burada əsas məqsəd sizin səylərinizlə işin təsvirinin üst-üstə düşməsini və sizin bu vəzifəni nə dərəcədə dərk etdiyinizi müəyyən etməkdir.

Siz elə şeyləri seçməlisiniz ki, sizin gələcək işinizə birbaşa aid olsun. Bəzi müsahibə götürənlər müsahibəyə vəzifə haqqında qısa məlumatla başlarlar. Bu qiymətli məlumatı siz başqa cür ifadə edə bilər və ya təkrarlamaqla müvafiq suallara cavab verə bilərsiniz. Fərz edək ki, müsahibə götürən şöbəyə İdmanla məşğul olan idmançıların fiziki, nəzəri, texniki idman hazırlığının artırılmasını təmin etməyi bacaran  bir mütəxəssis lazımdır. Siz bu məlumatı belə istifadə edə bilərsiniz: “Mən gələcəkdə idman məşqlərinin aparılma metodlarını təkmilləşdirmə imkanlarını dəyərləndirirəm, həmçinin gördüyüm işlərin nəticələrini ümumiləşdirir və təhlil edirəm. Bu yaxınlarda mənə regionlardakı işlərin təhlili ilə əlaqədar təşəkkür elan edilib. Bununla belə mən çox istərdim ki, bu işimdə beynəlxalq fəaliyyətlərin elementləri də olsun. Hesab edirəm ki, bu vəzifə mənim indiki təhlil bacarıqlarımı tamamlamaqla beynəlxalq şirkətlərlə olan əlaqələrin də bu fəaliyyətlərimə daxil olması ilə daha da genişlənəcəkdir.”

  1.  Əmək haqqı barədə gözləntiləriniz?

Hər şey əla gedir və müsahibənin sonuna doğru gedirik. Sonda olan ən çətin əngəllərdən biri olan suala yaxınlaşdıq.

Vacib məqam odur ki, Sizin indi aldığınız və istədiyiniz maaş arasında dağlar qədər fərq olmasın. Misal üçün, Siz indi 350 AZN alırsınız və yeni iş yerinizdə ən az 900 AZN-lik əmək haqqı istəsəniz Sizin istəyə isti baxılmayacaq.

Yaxşı olar ki burada birbaşa rəqəm qeyd etməyəsiniz. Deyə bilərsiniz ki, təxmini gözləntim bu qədərdir. Digər cavab isə “mənim üçün işdə əsas maaş deyil. Ehtiyaclarımı qarşılamaq üçün isə gözləntim filan qədərdir”.

Müsahibədə Sizin verə biləcəyiniz TOP 10 sual

Müsahibədə namizəd də sual verir və bu həmin namizədin hazırlığının sübutudur.

  1. Mənim iş öhdəliklərimə nə aid olacaq?

Hər bir şirkətin öz qanunları var, ona görə də iki şirkətdə eyni vəzifənin fərqli funksional öhdəlikləri ola bilər və olur. Bu məlumatları əldə edən namizəd öz gücü və təcrübəsinə əsasən, nə qədər bu işin ona uyğun olduğunu müəyyən edə bilər.

  1. Bu yeni vəzifədir ya köhnə?

Bu sual sizə imkan verir ki, vəzifə barədə bir çox məqama aydınlıq gətirəsiniz. Belə ki, əgər bu vəzifə çoxdan varsa, onda bundan əvvəlki işçi niyə görə bu işdən ayrılıb?! Əgər işinə xitam veriblərsə, səbəblərini bilmək olarmı? Əgər yeni vakansiyadırsa, onda nəyə görə belə bir ehtiyac yarandı və yeni işçidən gözləntilər nələrdir?

  1. Şirkətdə iş rejimi nəcədir?

Əlbəttə ki, şirkətlər fərqli olduğundan iş rejimləri də fərqlidir. Bu həm işin başlama və bitmə vaxtlarına, həm də iş günlərinin sayına aiddir. Bu məlumatları əvvəlcədən öyrənmək işə qəbul olunandan sonra Sizi xoş olmayan sürprizlərdən qoruyacaq. Bu sualı versəniz belə ilk verməyiniz məsləhət deyil, yaxşı olar ki, sonda ünvanlayasınız.

  1. Təcrübə dönəmi varmı və varsa, məndən gözləntilər nə olacaq?

Təcrübə müddəti şirkətdən asılı olaraq bir aydan üç aya kimi ola bilər. Normalda həmin müddətdən asılı olaraq işçinin qarşısına müxtəlif məqsədlər qoyulur və onların nəticəsinə əsasən  müəyyənləşdirirlər ki, Sizinlə davam etsinlər yoxsa yox.

  1. Şirkətdə işçilərin inkişafı üçün nə cür fəaliyyətlər reallaşdırılır?

Sadəcə pulu yox, daha çox inkişaf və püxtələşməni düşünən kadrlar bu sualdan çox istifadə edirlər. Bu günlərdə təlimlər, seminarlar, xarici təcrübə proqramları gənc kadrlar tərəfindən çox yüksək qiymətləndirilir və ona görə də bu sual şirkətin işçilərinin inkişafını nə qədər əhəmiyyətli saydığını öyrənmək üçün vacibdir.

  1. Birbaşa müdirim kim olacaq?

Bir çox şirkətin ierarxiya sisteminə əsasən sizin işi və birbaşa fəaliyyətinizi müdirinizdən yaxşı heç kim bilməyəcək. Ona görə onun vəzifəsi və kimliyi vacibdir. Əgər müsahibə zamanı o şəxslə görüşmək və tanış olmaq imkanı yaranırsa, bu əlinizə düşən çox yaxşı imkandır, dəyərləndirin.

  1. Bu vəzifənin artım və inkişaf perspektivləri nədir?

Hər bir işçini birbaşa olaraq maraqlandıran bir sualdır, lakin çoxumuz bu sualı verməyə çəkinirik. Çəkinməyin, əsas odur ki, diqqəti görəcəyiniz işin həcmi və məsuliyyətinə yönəldin.

  1. Bu işdə uğurlu olmaq üçün ən vacib xüsusiyyətlər hansılardır?

Bu sual iş təsvirində qeyd olunmayan dəyərli məlumat əldə etməkdə sizə kömək olar, həmçinin şirkət mədəniyyəti onların gözləntiləri sizə kömək ola bilər ki, Siz o işə uyğunsunuz.

  1. Gələcək illər üçün şirkətin qarşısına qoyduğu ən böyük hədəflər nələrdir?

Bu sual Sizin şirkət barədə biliklərinizi göstərməklə bir yerdə məsələyə böyük çərçivədən baxmağı bacardığınızı göstərə bilər.

  1. İşim hansı meyarlara əsasən və necə qiymətləndiriləcək?

Şirkətin öz işçilərinin effektivliyini ölçməsi barədə məlumatlı olmaq vacibdir. Bu, karyera nərdivanında irəliləmək üçün nə etmək lazım olduğunu bilməyə kömək edəcək. Bundan başqa, işə götürənlə sizin qiymətləndirmə metodlarınızın nə qədər üst-üstə düşdüyünü bilmək maraqlıdır.

Müsahibədən sonra nə etmək olar?

Bəli, müsahibə bir işə götürən ilə olan görüşlə bitmir. Müsahibədən sonra ilk növbədə özünüzü qiymətləndirməyə çalışın. Bunun üçün Sizə verilən suallara və sizin o suallara verdiyiniz cavablara fikir vermək lazımdır. Ehtiyac duyulduğu təqdirdə bu məsələ ilə bağlı Karyera Mərkəzinə müraciət edə bilərsiniz.

Bununla paralel olaraq, işəgötürən şəxsə və şirkətə bir təşəkkür məktubu yazmaq lazımdır. Bununla Siz bir daha işə marağınızı və peşəkarlığınızı göstərə bilərsiniz və özünüz barədə xatırlada bilərsiniz.