Karyera xəritəsi
4 illik Karyera Planlaması
-
Nəyə görə lazımdır? Uğurlu karyera planlaması sizə daha çox uğur qazanmağa və daha verimli, xoşbəxt həyat yaşamağa imkan verir
-
Nədən başlamaq lazımdır?
1ci il - Araşdır
Özünü: hər yolun başlanğıcında ÖZ var, yəni insanın özünü tanıması. Bəs nələri müəyyən etmək lazımdır? Maraqlarınızı, bacarıqlarınızı və öz seçimlərinizi müəyyən edin – bunlar karyera qərar vermə prosesində ən vacib amillərdir.
Maraq dairənizi müəyyən edin:
- Universitet həyatı: Akademiya gələcək 4 il ərzində sizin həyatınızda mühüm rol oynayacaq və ona görə də universitet həyatınızı düzgün qurmağa çalışın. İlk olaraq universitetin və fakültənizin sizin üçün yaratdığı imkanlarla daha yaxından tanış olun.
- Karyera mərkəzi (KM) nümayəndələri ilə görüş: idealda çalışın KM nümayəndələri ilə hər rüb görüşəsiniz və baş vermiş dəyişiklikləri müzakirə edərək karyeranızda növbəti addımları müəyyən edəsiniz.
- İlk rezume: “Rezume” sözünü bu illər ərzində çox eşidəcəksiniz və o sizə ən lazım olan sənədlərdən birisi olacaq - həm iş axtarışında, həm könüllülük proqramlarında, həm layihələrdə iştirakda. Ona görə də ən yaxşısı ilk rezümenizi gecikdirməyin və ən tez zamanda hazırlayın. Sonra isə onu KM-də yoxlatdırın. Bu işdə peşəkarların fikri çox önəmlidir.
- İlk Könüllülük: bu cür fəaliyyətlər bir çox mənada xeyirlidir - özünüzü tanımaq, daha geniş ətrafa sahiblənmək, xeyirli olmaq, bacarıqlarınızı və biliklərinizi inkişaf etdirmək istiqamətində könüllü proqramlar əvəzedilməz dəstək ola bilər.
Könüllülük imkanları barədə həm universitet daxilindən (Karyera mərkəzi, Dekanlıq), həm də xaricindən (gənclər təşkilatları, internet) məlumat əldə etmək olar. Birinci il üçün ən azı 1 təşkilata qoşulun və orada layihələrdə mütəmadi olaraq iştirak edin.
- ÜOMG (ümumi orta müvəffəqiyyət göstəricisi): dərslər hərdən çətin, imtahan hərdən keşməkeşli olsa belə onlar tələbə həyatının əvəzedilməz bir hissəsidir. Ona görə də çalışın ki, bu sahəyə kifayət qədər vaxt ayırasınız ki nəticə etibarı ilə qiymətləriniz yaxşı olsun.
- Xarici dil biliyi: Azərbaycanda və ya ölkədən kənarda karyera qurmağınızdan asılı olmayaraq xarici dil biliyi hal-hazırda labüddür. Ona görə də iş qurduğunuz sahəyə uyğun olaraq bir xarici dil müəyyən edib (ingilis ya rus) onu inkişaf etdirin.
2ci il - Kəşf et/ Araşdır
Karyera Mərkəzi ilə görüş: hər ilin əvvəli Karyera Mərkəzinin mütəxəssisi ilə görüşüb bu akademik il üçün məqsədlərinizi təyin edirsiniz
İnformativ müsahibələr: sahənizi seçəndən sonra və yaxud bir neçə seçim qarşısında olduğunuz təqdirdə məsləhət odur ki, həmən sahənin (sahələrin) peşəkarlarını tapasınız və onlarla görüşəsiniz. Belə görüşlərə informativ müsahibə deyilir. Harada ki, sizin məqsəd bu sahənin peşəkarı ilə görüşərək, ona (peşəkara) müvafiq sizi maraqlandıracaq sualları verərək bu sahəni daha yaxından tanımaqdır. Bu məlumat sizə son seçimi etməkdə birbaşa kömək ola bilər.
Şəbəkə: müasir dünyada sizin nə bilməyinizlə bir yerdə sizin kimi tanımağınız da vacibdir. Ona görə də çalışın ki, ətrafınızı sizin sahədə çalışan şəxslərlə genişlədəsiniz.
Peşəkar inkişaf: sahənizə uyğun olan peşəkar inkişaf imkanlarından (seminarlar, konfranslar, təlimlər, görüşlər) yararlanın. Onlar həm sizin peşəkar biliyinizi artıracaq, həm də ətrafınızı formalaşdıracaq.
Təşkilatda/Layihədə idarəçilik: liderlik və idarəçilik bacarıqlarınızı inkişaf etdirmək üçün hər hansı layihə və ya təşkilatda (yerli ya beynəlxalq) idarəçilik vəzifəsində iş əldə etməyə çalışın.
Xarici dil biliyi: xarici dildə danışıq bacarıqlarınıza xüsusi diqqət yetirin. Həmən dili inkişaf etdirmək üçün xaricdə olan tədbir, təlim və düşərgələr axtarın (misal üçün, Erasmus+ proqramları).
Yay təcrübəsi: tədris zamanı çətin ola bilər, lakin yay tam bir təcrübə zamanıdır. Həmən ilin fevral ayından başlayaraq öz sahəniz üzrə çalışan şirkətlərin siyahısını tərtib edərək onlarla əlaqə saxlamağa çalışın. Hər hansı proqram və təcrübə proqramı olduğu təqdirdə ora müraciət edin. Bu proqramlar sizə sahəniz üzrə real iş təcrübəsi əldə etmək imkanı verəcək
3cü il – İnkişaf et
Karyera Mərkəzi ilə karyera planlaması görüşü: hər ilin əvvəli Karyera Mərkəzinin mütəxəssisi ilə görüşüb bu akademik il üçün məqsədlərinizi təyin edirsiniz – hansı bacarıqları inkişaf etdirəcəksiniz, hansı təlimlərdə iştirak etməlisiniz, hansı sertifikat əldə etməlisiniz, hansı dil bacarıqlarını və harada təkmilləşdirməlisiniz və s.
Əmək (İş) sərgisi: universitet daxilində və xaricində təşkil olunan sərgilərdə iştirak şərtdir! Siz artıq sahənizi seçmişsiniz və bu sahə üzrə Sizə maraqlı ola biləcək şirkətləri də müəyyən etmisiniz. Sərgidə iştirak etməkdə məqsəd şirkət nümayəndələri ilə tanışlıq və iş imkanları barədə məlumat əldə etməkdir.
Müsahibəyə hazırlıq: bu ildən başlayaraq siz daha çox müsahibələrdə iştirak edəcəksiniz ona görə də karyera mərkəzi ilə görüş təyin edib onlardan müsahibəyə hazırlıq mövzusunda kömək istəyə bilərsiniz.
Xaricdə təhsil: əgər təhsilinizi xaricdə davam etdirmək istəyirsinizsə onda siz bu ildən bu mövzuda çalışmağa başlamalısınız. Cavab verməli olduğunuz suallar: Hansı ixtisas? Hansı ölkə? Hansı təqaüd? Bu məqamda xarici dil bilikləriniz çox vacib olacaq.
Yarım ştat iş / Təcrübə proqramı: öz sahəniz üzrə təcrübə toplamağı davam etdirmək lazımdır və bunun üçün ən yaxşı imkan seçdiyiniz istiqamət üzrə bir yarım ştat iş tapmaqdır.
4cü il - Əldə et
Karyera Mərkəzi ilə karyera planlaması görüşü: artıq sonuncu kursdur və universitetdən sonrakı həyatı planlamaq lazımdır.
Xaricdə təhsil: artıq xarici dil imtahanlarına hazırlaşmaq lazımdır – IELTS, TOEFL, YÖS, TESTDAF tipli
Tam ştat işə hazırlıq: universitetdən sonra işləyəcəyiniz tam ştat işi axtarmaq lazımdır. Bunun üçün şirkətlərə bir başa müraciət, əmək yarmarkalarında iştirak və iş axtarma saytlarından istifadə etmək olar
Rezume və istək məktubunu yenilə: hər il rezume və istək məktubunuza nəzər yetirib yeniləmək məsləhət edilir.
Əmək yarmarkasında iştirak.