“Biz Heydər Əliyev kimi dahi şəxsiyyətin davamçılarıyıq,
niyə də gələcəyimizə ambisiyalarla yanaşmayaq?”
Fuad Hacıyev, Rektor


Sizin bizim məzun, hazırkı və ya gələcək tələbə, bəlkə də bizim sıralara qoşulmaq istəyən və ya artıq bizimlə çalışan müəllim, ya da təsadüfi oxucu olmağınızdan asılı olmayaraq, Sizi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının səhifəsində salamlamağa çox şadam. 1930-cu ildə yaranan, böyük və şərəfli tarixə sahib olan Akademiya son illərdə ikinci baharını yaşayır və burada yeni tarix yazılır. Bu tarixi bizimlə yazmağa Sizi də dəvət edirik.
Azərbaycan dövlət təhsil siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir, təhsil müəssisələri qarşısında yeni hədəf və çağırışlar qoyur.
Qoyulan hədəflərə çatmaq üçün bu gün Akademiyada bir sıra islahatlar aparılır, gənc nəslin idman sahəsində hərtərəfli biliyə yiyələnməsi məqsədi ilə müasir şərait yaradılır. Bu işlər ona görə görülür ki, biz Azərbaycanı yalnız peşəkar idman sahəsində deyil, həmçinin idman təhsili sahəsində də aparıcı yerlərdə görmək istəyirik. Biz Akademiya məzunlarının dünya idman bazarında rəqabətə dözümlü mütəxəssis olmasını arzu edirik. Bu, bizim məqsədimizdir və biz inanırıq ki, yaxın zamanda bu məqsədə çata biləcəyik.
Hamımız bilirik ki, məhz idman insanda “mübarizədə imkanların bərabərliyi”, “uğurun bərabər mübarizədə qazanılması”, “birinci olmağa can atmaq”, “yalnız rəqibə deyil, öz-özünə də qalib gəlmək” kimi dəyər və bacarıqları formalaşdırır. Ən əsası isə idman Vətəni sevmək, onu təmsil etmək və onun müdafiəsinə hər an hazır olmağı oyrədir.
Akademiyada bu dəyərlərə böyük önəm verilir. Siz də bizimlə eyni dəyərləri bölüşməyə hazırsınızsa, Sizin yolunuzu gözləyirik!