Azerbaijan State Academy of Physical Education and Sport

ADBTİA-da könüllü qanvermə aksiyası keçirilib

Cari ilin 8 noyabr tarixi ölkəmizin bədən tərbiyəsi və idman üzrə mütəxəssislər hazırlayan yeganə ali məktəb olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəaliyyətinin 87-ci ildönümüdür. Bu il Akademiya bu xoş gününü sosial yönümlü xeyriyyə layihəsinə həsr edib. Belə ki,  14 noyabr 2017-ci il tarixində, Akademiyada könüllü qanvermə aksiyası keçirilib.

İrsi qan xəstəliklərindən, o cümlədən, talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara dəstək olmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltmək məqsədilə keçirilən aksiyada Akademiyanın əməkdaşları və tələbə heyəti iştirak edib.

Aksiya çərçivəsində donorlar həkim-hemotoloqları tərəfindən yoxlanışdan keçirilib, daha sonra isə qan verib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya və hemofiliya qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım etmək məqsədilə xüsusi tibb briqadasına təhvil verilib.

Məlumat üçün bildirək ki, könüllü qanvermə aksiyası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının silsilə şəkildə həyata keçirdiyi sosial yönümlü layihələrdən biridir. Bu cür layihələrin həyata keçirilməsində əsas məqsəd tələbələrin sosial məsuliyyətini artırmaq, onları könüllülüyə və vətənə xidmətə ruhlandırmaqdır. 87 illik tarixə malik ADBTİA bundan sonra da sosial yönümlü layihələrini davam etdirmək və bu layihələrə dəstək vermək niyyətindədir.

News and Events