Azerbaijan State Academy of Physical Education and Sport

Beynəlxalq nümayəndə heyəti ADBTİA-da

Azərbaycan Milli Olimpiya Komitəsinin 25 illiyinə həsr olunmuş silsilə tədbirlərin 2-ci günündə MDB, Baltikyanı və Gürcüstan ölkələrinin Milli Olimpiya Komitələrini təmsil edən qonaqlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında olublar.

Akademiyanın rektoru Fuad Hacıyev və müəllim heyəti qonaqları qarşılayaraq, onlara Akademiyada baş verən struktur və yenidənqurma işləri ilə bağlı məlumat veriblər. Rektor Fuad Hacıyev bildirib ki, son dövrdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası beynəlxalq əlaqələrin inkişafı üçün ardıcıl işlər aparır. İdman təhsili sahəsində mövcud beynəlxalq təcrübəni və təhsil modellərini öyrənmək məqsədilə Akademiyanın nümayəndələri ABŞ, Almaniya, Türkiyə, Rusiya, Sloveniya, Latviya, Bolqarıstan, Belarusa ezam ediliblər.

Tanışlıq çərçivəsində qonaqlara Akademiyada yeni təsis olunmuş magistr ixtisaslarının təlim-tədris prosesinin yaxşılaşdırılması üçün nəzərdə tutulan Multimedia Mərkəzi və Tibbi reablitasiya Mərkəzləri nümayiş olunub. Multimedia Mərkəzi ilə tanışlıq zamanı qonaqlar "İdman Jurnalistikası" magistr proqramının dərs prosesinə də qatılıblar. Proqramın rəhbəri və müəllimi Dan Manson "İdman jurnalistika" magistr ixtisası ilə bağlı qonaqlara məlumat verib. O bildirib ki, bu magistr proqramı  Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası və Böyük Britaniya Birləşmiş Krallığının ən dinamik idman universiteti olan Şeffild Hallam Universiteti ilə birgə tərtib olunub.

Daha sonra qonaqlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yeni istifadəyə verilən akt zalında olublar. Burada onlara Akademiyadakı son yeniliklər, yerli və beynəlxalq arenada əldə olunmuş nailiyyətlərlə bağlı məlumat verilib. Qonaqlar da öz növbələrində qonaqpərvərliyə görə Akademiya rəhbərliyinə təşəkkürlərini bildirib, aparılan işlərdən məmnunuqlarını ifadə ediblər. Onlar son illər Azərbaycanın idman sahəsində qazandığı uğurların ölkənin hazırkı inkişaf səviyyəsini və iqtisadi qüdrətini əks etdirdiyini vurğulayıblar.

News and Events