Azerbaijan State Academy of Physical Education and Sport

Azərbaycan İdmançıları Yay Olimpiya oyunlarında

XV Yay Olimpiya Oyunları, Helsinki- 1952

 

Helsinki-1952 Olimpiadasında iştirak edən SSRİ yığmasının tərkibinə Azərbaycanın 5 idmançısı - dörd güləşçi, bir yüngül atlet daxil edilmişdi. Azərbaycan idmançıları iştirak etdikləri ilk Olimpiya oyunlarından vətənə bir gümüş və bir bürünc medalla qayıtdılar. Rəşid Məmmədbəyovun güləş yarışlarında əldə etdiyi gümüş medal Azərbaycan idmanının ilk Olimpiya medalı, ilk şanlı səhifəsi oldu.

 

 

XVI Yay Olimpiya Oyunları, Melburn- 1956

 

Melburn Olimpiadasında Azərbaycanı təmsil edən yüngül atlet Yuri Konovalov 4x100 m məsafəyə estafet yarışlarında uğurla çıxış edərək vətənə daha bir gümüş medal qazandırdı. Bu, Azərbaycan idmançılarının üçüncü Olimpiya medalı oldu.

 

 

XVII Yay Olimpiya Oyunları, Roma- 1960

 

Roma Olimpiadasında SSRİ yığmasının tərkibində ölkəmizi iki idmançımız - Melburn Olimpiadasının gümüş mükafatçısı Yuri Konovalov və vaterpolçu Yevgeni Saltsin təmsil edirdilər. SSRİ-nin vaterpolçulardan ibarət komandası finalda Finlandiya yığmasına uduzaraq Olimpiya oyunlarının gümüş medalını qazandı. Bu medalın qazanılmasında təmsilçimiz Yuri Saltsinin də əməyi var idi.

Yüngül atletimiz Yuri Konovalov yenə də 4x100 m məsafəyə estafet yarışlarını uğurla başa vuraraq ikinci gümüş medala layiq görüldü. Beləliklə, Azərbaycan idmançılarının üç olimpiadada qazandıqları medalların sayı 5-ə çatdı. Bu medalların dördü gümüş, biri isə bürünc idi.

 

 

XVIII Yay Olimpiya Oyunları, Tokio- 1964

 

Tokio Olimpiadasında ölkəmizi iki vaterpolçu - Nikolay Kuznetsov, Zenon Bortkeviç, bir beşnövçü -Viktor Mineyev, bir güləşçi- Aydın İbrahimov, bir voleybolçu -İnna Rıskal təmsil edirdilər.

Vaterpolçularımız uğurla çıxış edərək XVIII yay Olimpiya Oyunlarının bürünc medalını, Viktor Mineyev beş növdə topladığı xalların (198) sayına görə birinici yeri tutaraq qızıl medal qazandı. Bu, Azərbaycan idmançılarının Olimpiya oyunlarında qazandıqları ilk qızıl medal idi.

1964-cü il Tokio Oyunlarının gümüş medalçısı olan SSRİ-nin qadınlardan ibarət yığma voleybol komandasının tərkibində həmyerlimiz İnna Rıskal da var idi.

Azərbaycan güləş məktəbinin yetirməsi Aydın İbrahimov Tokioda sərbəst güləş yarışlarında yarımyüngül çəkili pəhləvanlar arasında üçüncü yeri tutaraq bürünc medala layiq görüldü.

 

XIX Yay Olimpiya Oyunları, Mexiko- 1968

 

XIX Yay Olimpiya Oyunlarında Sovet ittifaqını təmsil edən komandanın tərkibinə Azərbaycanın üç idmançısı daxil edilmişdi. Bu üç idmançıdan ikisi SSRİ-nin qadınlardan ibarət yığma voleybol komandasının tərkibində çıxış edirdi. Azərbaycandan olan üçüncü idmançı isə Olimpiya oyunlarının qadınlar arasında suyatullanma yarışlarında gücünü sınayırdı.

Azərbaycanın tanınmış voleybolçularının - İnna Rıskalın və Vera Lantratovanın daxil olduqları qadınlardan ibarət voleybol komandası finalda məğlubedilməz sayılan yapon voleybol komandasını məğlubiyyətə uğradaraq Olimpiya çempionu adını aldılar.

 

 

XX Yay Olimpiya Oyunları, Münhen- 1972

 

Azərbaycandan Münhen Olimpiadasına üç idmançı - qadınlardan ibarət voleybol komandasının kapitanı, Olimpiya çempionu İnna Rıskal, yüngül atlet Aleksandr Kornelyuk, üzgüçü Vladimir Krivtsov iştirak edirdilər.

Həmyerlimiz İnna Rıskal Münhendə də uğurla çıxış edərək ikinci dəfə Olimpiya çempionu adını qazandı.

Yüngül atletimiz Aleksandr Kornelyuk 4x100 m estafet yarışının gümüş medalına sahib oldu.
 

 

XXI Yay Olimpiya Oyunları, Monreal- 1976

 

Monreal Oyunlarında Azərbaycanı 3 nəfər - voleybolçu İnna Rıskal, həndbolçular Rəfiqə Şabanova və Lüdmila Şubina təmsil edirdilər.

Olimpiya oyunlarının ikiqat çempionu, voleybolçumuz İnna Rıskal bu dəfə gümüş medalla kifayətlənməli oldu. Beləliklə, SSRi yığmasının tərkibində çıxış edmiş həmyerlimiz İnna Rıskal dörd Olimpiya medalı əldə etdi: -iki qızıl, iki gümüş.

Qadınlar arasında həndbol yarışı ilk dəfə Monreal Olimpiya Oyunlarının proqramına daxil edildi. Olimpiya çempionu adına layiq görülmüş həndbolçular arasında həmyerlilərimiz - Rəfiqə Şabanova və Lüdmila Şubina da var idi.


 

 

XXII Yay Olimpiya Oyunları, Moskva- 1980

 

Moskva Olimpiadasnda SSRİ yığma komandasının tərkibinə Azərbaycandan 5 idmançı daxil edilmişdi. Larisa Savkina qadınlar arasında həndbol, Vasili Yakuşa, Viktor Pereverzev, Gennadi Kryuçkin və Aleksandr Lukyanov akademik avarçəkmə, Tatyana Şviqanova qadınlar arasında otüstü hokkey yarışlarında iştirak edirdilər. Moskvada qadınlar arasında həndbol komandası birinci yeri tutaraq qızıl medal aldı. Qızıl medalçılar arasında Larisa Savkina da var idi.

Akademik avarçəkmə yarışlarında idmançımız Vasili Yakuşa gümüş medal qazandı. Viktor Pereverzev, Gennadi Kryuçkin və Aleksandr Lukyanov isə ikinəfərlik qayıqda ölkəmizə daha bir gümüş medal gətirdilər. Tatyana Şviqanova isə qadınlar arasında otüstü hokkey yarışlarının gümüş mükafatçısı oldu.


 

 

XXIV Yay Olimpiya Oyunları, Seul- 1988

 

SSRİ yığma komandasının tərkibinə Azərbaycandan 18 nəfər idmançı daxil edilmişdi. Onlardan iki nəfəri qılıncoynadan - İlqar Məmmədov və Boris Koretski və 11 nəfər avarçəkən idi. Bundan başqa komandanın təkibində futbolçu İqor Ponomaryov, stend atıcısı Valeri Timoxin, stolüstü tennisçi Valentina Popova, həndbolçu Yelena Quseva və güləşçi Məhəddin Allahverdiyev də vardı.

Seul Olimpiadasında Azərbaycan idmançıları altı medal qazandılar: İlqar Məmmədov, Boris Koretski (qılıncoynatma), İqor Ponomaryov (futbol) - qızıl medal, Aleksandr Lukyanov (avarçəkmə), Yelena Quseva (həndbol) bürünc.

 


 

XXII Yay Olimpiya Oyunları, Barselona- 1992

 

1992-ci ildə keçiriləcək 25-ci Yay Olimpiya Oyunları ərəfəsində dünyanın siyasi xəritəsi dəyişdi. 1991-ci ilin sonunda SSRİ-nin dövlət quruluşu məhv oldu. Onun tərkibinə daxil olan müttəfiq respublikalar müstəqillik qazandılar. Suverenlik əldə etmiş respublikalar öz milli olimpiya komitələrini yaratsalar da, 1992-ci ildə BOK bu komitələrdən çoxunu tanımırdı. Bu da müstəqil dövlətlərin böyük əksəriyyətinin Olimpiya oyunlarında sərbəst iştirak etmək hüququnun olmadığını göstərirdi. Buna görə də keçmiş SSRİ-nin tərkibində olan 15 müttəfiq respublika Olimpiya oyunlarında Müstəqil Dövlətlər Birliyinin (MDB) komandası adı altında çıxış etdi.

Beləliklə, komandamız açılış mərasimində təşkil olunan paradda tribunanın altından üçrəngli Azərbaycan bayrağı altında keçirdi. Azərbaycanı Barselona1992-də 5 idmançımız - Nazim Hüseynov (cüdo), Valerii Belenki (gimnastika), İlqar Məmmədov (qılıncoynatma), Valerii Timoxin (stend atıcılığı), Valentina Popova (tennis) gedirdilər.

İdmançılarımız arasında ilk qızılı Nazim Hüseynov qazandı. ıBu, Azərbaycan idmanının tarixində əlamətdar oldu. İlk dəfə dünyanın Ən mötəbər idman yarışında Azərbaycan bayrağı qaldırıldı və himnimiz səsləndi.

Azərbaycan gimnastı Valeri Belenki komanda yarışında Olimpiya qızılına sahib oldu. İdmançımız şəxsi birincilikdə isə bürünc medala layiq görüldü.


 

 

XXVI Yay Olimpiya Oyunları, Atlanta - 1996

 

Atlanta Olimpiadasında 197 ölkədən 10788 idmançı iştirak edirdi. Burada idmanın 26 növü üzrə 271 medal dəsti uğrunda mübarizə aparırdılar. Azərbaycan yarışlarda 4 nəfər yüngül atlet (Elvira Cabbarova, Arif Axundov, Vasif Əsədov, Aleksey Fatyanov), 2 nəfər yunan-Roma güləşçisi (Vilayət Ağayev və Tahir Zahidov), 6 nəfər sərbəst güləşçi (Namiq Abdullayev, Arif Abdullayev, Eyvaz Allahverdiyev, Məmmədsalam Hacıyev, Məhəmməd İbrahimov, Davud Məhəmmədov), 2 cüdoçu ( Nazim Hüseynov, Zülfiyyə Hüseynova), 2 boksçu (Ədalət Məmmədov, İlham Kərimov), 2 ağır atlet (Asif Məlikov, Tofiq Heydərov), qılıncoynadan Elxan Məmmədov, üzgüçü Emin Quliyev, suya tullanan Emin Cəbrayılov, atıcılıq idmanı üzrə İradə Aşumova və Sergey Timoxin təmsil edirdilər.

Komandamızın ən yüngül çəkili güləşçisi, ikiqat Avropa çempionu Namiq Abdullayev isə ona olan ümidləri doğrultdu. Onun qazandığı gümüş medal Azərbaycan pəhləvanlarının Olimpiya oyunlarında sərbəst güləş üzrə qazandıqları ikinci, müstəqil Azərbaycan bayrağı altında əldə edilmiş birinci medal idi.

Atlanta Olimpiya Oyunlarında 23 idmançı ilə təmsil olunan Azərbaycan komandası 197 ölkə arasında 61-ci yeri tutdu.

 

 

XXVII Yay Olimpiya Oyunları, Sidney - 2000

 

199 ölkənin qatıldığı növbəti XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan müstəqil dövlət kimi ikinci dəfə olimpiadada iştirak edirdi. Ölkəmiz Sidneydə 31 idmançı ilə təmsil olunurdu.

Azərbaycan idmançıları cüdo, üzgüçülük, atıcılıq, boks, yüngül atletika, ağırlıqqaldırma, suyatullanma və güləş yarışlarında güclərini sınayırdılar. Atletlərimiz cüdo, boks, güləş, atıcılıq yarışlarında uğurlu nəticələr göstərdilər. Azərbaycan komandasına ilk medalı qadınlar arasında stend atıcılığı yarışlarında Zemfira Meftahəddinova qazandırdı.

Onun çıxış etdiyi idman növü ilk dəfə olaraq Olimpiya oyunlarının proqramına daxil edilmişdi. Zemfira bu növdə iki Olimpiya rekordu müəyyən etdi. Ölkəmizə ikinci qızıl medalı Atlanta oyunlarının gümüş mükafatçısı, güləşçi Namiq Abdullayev gətirdi.

Sidney-2000 Yay Olimpiya Oyunlarında Azərbaycan boksunun səlnaməsinə də ilk Olimpiya medalı yazıldı. 19 yaşlı gənc boksçu Vüqar Ələkbərov bürünc medala sahib oldu.

Azərbaycan komandası cüdoda dörd idmançı - qadınlar arasında Zülfiyyə Hüseynova (57 kq), kişilər arasında Elçin İsmayılov (60 kq), Mehman Əzizov (81 kq), Rəsul Səlimov (90 kq) ilə təmsil olunurdu. Lakin təəssüf ki, cüdo yarışlarında medal əldə olunmadı.

İki qızıl və bir bürünc medal olan Azərbaycan medal alan ölkə arasında 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutdu. Azərbaycan idmanı Sidney sınağından zəfərlə çıxdı.

 

XXVIII Yay Olimpiya Oyunları, Afina - 2004

 

 

Afina-2004 Olimpiya Oyunları Azərbaycan idmanının yeni şanlı səhifəsini yazdı. 21-ci minilliyin ilk Olimpiya oyunlarında 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan milli komandası bu möhtəşəm yarışdan vətənə 1 qızıl, 4 bürünc medalla qayıtdı. Bu oyunlarda BOK-un üzvü olan 204 ölkədən 202-si iştirak edirdi.

Yarışlarda 11039 idmançı 2021 medal, o cümlədən 669 qızıl, 666 gümüş və 686 bürünc medal uğrunda mübarizəyə qoşulmuşdu. Azərbaycan milli komandası 38 idmançı ilə idmanın 12 növündə təmsil olunurdu.

Atletlərimiz XXVIII Yay Olimpiya Oyunlarında 5 medal (1 qızıl, 4 bürünc) qazandılar. Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində 22 yaşlı Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl, atıcılıq üzrə yarışlarda kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açmada İradə Aşumova və stend atıcılığı üzrə təmsilçimiz, Sidney-2000 Olimpiadasının qızıl mükafatçısı Zemfira Meftahəddinova Azərbaycan yığmasının hesabına iki bürünc medal yazdırdılar.

Afinada yarımfinala yüksələn ilk Azərbaycan boksçusu Ağası Məmmədovun çəki problemi onu bürünc medalla kifayətlənməyə məcbur etdi. Ölkəmizin aktivinə yazılan 4 bürünc medaldan biri isə digər boksçumuz Fuad Aslanovun payına düşdü.

 

 

XXIX Yay Olimpiya Oyunları, Pekin- 2008

 

XXIX Pekin Yay Olimpiya Oyunlarında ölkəmiz 12 - güləş (sərbəst güləş (7), yunan-Roma güləşi (6) və qadın güləşi (3)), taekvondo (1), gimnastika (qrup hərəkətləri üzrə komanda 6, fərdi yarışlarda 2), boks (2), atıcılıq (1), atçılıq (1), üzgüçülük (2), cüdo (6), atletika (2) və ağırlıqqaldırma (5) idman növlərində 44 idmançı ilə təmsil olunurdu. Bu yarışda təmsilçilərimiz digər Olimpiya oyunlarından həm idmançıların, həm də qazanılan medalların sayına görə fərqlənirdi. Komandamız Olimpiya oyunlarında ilk dəfə olaraq, hər üç əyarda medallar qazandılar.

Maraqlıdır ki, atletlərimiz ilk dəfə olimpiadanın atçılıq yarışlarında və bədii gimnastika üzrə qrup hərəkətlərində qüvvələrini sınadılar. Bundan əlavə, Pekin-2008 qadın güləşçilərimizin mübarizə aparacağı ilk olimpiada kimi tarixə düşdü.

 

Ölkəmizə Olimpiya qızılını cüdoçumuz Elnur Məmmədli (73 kq) qazandırdı. Finala qədər bütün rəqiblərinə vaxtından əvvəl ipponla qalib gələn E. Məmmədli həlledici matçda koreyalı idmançını 13 saniyəyə məğlub edərək 73 kq çəkidə ən güclü oldu. Gümüş medalları yunan-Roma güləşində əldə etdik.

Finala qədər heç bir idmançıya aman verməyən Vitali Rəhimov (60 kq) həlledici matçda rusiyalı idmançıya məğlub olaraq, gümüş medal qazandı. Rövşən Bayramov (55 kq) da yunan-Roma güləşində finala qədər bütün rəqiblərini məğlubiyyətə uğratdı. İdmançımız finalda Rusiya təmsilçisinə 6:5 (3:2, 2:2) hesabı ilə uduzaraq 2-ci yerlə barışmalı oldu.

Sərbəst güləşçimiz Xetaq Qazyumovu (96 kq) yarımfinalda Rusiya atleti dayandırdı. Təmsilçimiz bürünc medala layiq görüldü. İlk görüşdə məğlub olsa da, rəqibinin finala qədər irəliləməsi Mariya Stadnikin (48 kq) təsəlli yarışlarda qüvvəsini sınaması ilə nəticələnib. Medal uğrunda yarışda isə zərif cinsin nümayəndəsi qazaxıstanlı idmançını döşəyə çıxmağa peşman etdi. Boksçumuz Şahin İmranov (57 kq) da medal qazanan idmançıların siyahısına düşə bildi. Yarımfinala qədər irəliləyən boksçumuz bu mərhələdə döyüşü yarımçıq saxlamalı oldu. Zədələndiyi üçün döyüşə bilməyən təmsilçimiz bürünc medalla kifayətləndi. 1/2 finalda uduzan Mövlud Mirəliyev (100 kq) cüdo yarışında bürünc medal uğrunda polşalı idmançını mübarizədən kənarlaşdırdı.

Beləliklə, Pekində keçirilən XXIX Yay Olimpiya oyunlarında Azərbaycan yığması 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, medalların növünə görə isə 39-cu yeri tutdu.

 

 

XXX Yay Olimpiya Oyunları, London-2012

Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında 204 ölkədən 10 957 idmançı iştirak edirdi. 16 gün ərzində keçirilən möhtəşəm idman tərdbirində 26 idman növündə 302 dəst medal oynanılıb. Bu ölkələrdən 54-ü çempionluq zirvəsinə yüksəlib. Medalçı ölkələr siyahısında 1-ci yeri ABŞ, 2-ci yeri Çin, 3-cü yeri isə Böyük Britaniya tutub.

Azərbaycan Olimpiya yığması 2 qızıl, 2 gümüş və 6 bürünc medalla ümumi hesabda 30-cu pillədə qərarlaşıb.

Azərbaycan Respublikasının dövlət bayrağını London-2012 Yay Olimpiya Oyunlarında Pekin-2008 Olimpiadasının çempionu Elnur Məmmədli aparırdı. Azərbaycanın Olimpiya yığmasını 53 üzvü idmanın 16 növündə təmsil olunurdu. Velosiped, avarçəkmə, qadın boksu, idman gimnastikası yarışlarında idmançılarımız ilk dəfə qüvvələrini sınayırdılar.

Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycana ilk medalı ağır atletika üzrə yarışlarda 56 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Valentin Xristov qazandırıb. 286 kq nəticə göstərən idmançımız bürünc medala sahib çıxıb.

London-2012 Olimpiadasında sərbəst güləş üzrə yığmamız 6 çəki dərəcəsində Olimpiya medalları uğrunda yarışırdı. Sərbəst güləş yarışlarında ölkəmizi Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Maqemadov (120 kq) qoruyurdular.

Güləşçilərimizdən Toğrul Əsgərov və Şərif Şərifov Olimpiya çempionu adına layiq görüldülər. Xetaq Qazyumov isə olimpiadanın bürünc mükafatını qazandı. Beləliklə, sərbəst güləş üzrə Azərbaycan komandası London Olimpiadasını 2 qızıl və 1 bürünc medalla başa vurdu. Sevindirici haldır ki, sərbəst güləş üzrə Azərbaycan yığması dünyanın aparıcı ölkələrini qabaqlayaraq ABŞ-la birgə 1-ci yeri tutdu. London-2012 Olimpiadasının qızıl medalını 20 yaşı tamam olmamış alan Toğrul Əsgərov həm də ən gənc çempion kimi Olimpiya tarixinə düşdü.

Yunan-Roma güləşi üzrə yarışlarda yığmamızın 2 üzvü Rövşən Bayramov (55 kq) ikinci, Emin əhmədov (74 kq) üçüncü yeri tutdular. Bununla komandamız London-2012-də yunan-Roma güləşi üzrə yarışlarda 5-ci pillədə qərarlaşdı.

Qadın güləşi üzrə yarışlarda Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (55 kq) bürünc medala sahib çıxdı. Bununla da ölkəmiz qadın güləşi yarışlarında 3-cü oldu. Ümumilikdə, olimpiadanın güləş proqramında 18 dəst medal uğrunda 13 atletimiz yarışdı. Güləşçilərimiz ümumitlikdə 2 qızıl, 2 gümüş və 3 bürünc medalla mükafat qazanan 29 ölkə arasında 4-cü oldular. Beləliklə, Azərbaycan Olimpiya yığması ümumilikdə, London-2012-də 10 medal (2 qızıl, 2 gümüş və 6 bürünc) qazanaraq yarışları medalçılar siyahısında 30-cu pillədə başa vurdular.

 

 

 

 

XXXI Yay Olimpiya Oyunları, Rio-2016

 

Rio-2016 Olimpiadası rekordlarla yadda qaldı

 

Rio-2016 XXXI Yay Olimpiya Oyunları Azərbaycan idmanı üçün əlamətdar və yaddaqalan olub. Avqustun 5-dən 21-dək Rio-de-Janeyronun dörd rayonunda - Deodoro, Barra, Kopakabana və Marakanada keçirilən Olimpiadada 306 yarış keçirilib və ümumilikdə 2102 medal sahiblərinə təqdim olunub. XXXI Olimpiadada rekord sayda - 206 ölkədən 11 mindən çox idmançı mübarizə aparıb. İştirakçı ölkələrdən başqa, Olimpiya qaçqın idmançılar komandası da iştirak edib. Olimpiya bayrağı altında mübarizə aparan bu komandanın tərkibində 10 idmançı yer alıb. Olimpiadaya ən çox idmançı ilə təmsil olunan ölkə ABŞ komandası olub. Bu ölkə dördilliyin zirvə yarışına 554 idmançı ilə qoşulub. Okeaniya ölkəsi olan Tuvalu isə Olimpiadaya cəmi bir idmançı – 100 metr məsafəyə qaçış yarışında atlet Etimoni Timuani ilə təmsil olunub. Kosovo və Cənubi Sudan isə Olimpiadada ilk dəfə çıxış edib.

 

XXXI Yay Olimpiya Oyunlarında atletlər idmanın 39 növü üzrə mübarizə aparıblar. Qolf 112, reqbi isə 92 illik fasilədən sonra yenidən Olimpiya Oyunlarının proqramına salınıb. Bütün yarışlar 37 arenada təşkil olunub. Olimpiadada iştirak edən ölkələrdən yalnız 87-si müxtəlif əyarlı medallar qazana bilib. Olimpiya Oyunlarında iştirak edən Azərbaycan atletləri 1 qızıl, 7 gümüş və 10 bürünc olmaqla 18 medal qazanaraq bu möhtəşəm yarışı medal qazanan ölkələr arasında 39-cu pillədə başa vurublar. Bu göstəricidə Gürcüstandan geri qalan ölkəmiz Belarus, Türkiyə və Ermənistandan önə keçib. Medal sayında isə Azərbaycan Yeni Zelandiya ilə birgə 14-15-ci yerləri bölüşürüb.

Qeyd edək ki, Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarında əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) təmsil olunub. Bu, London-2012 Yay Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunub. Olimpiadada ölkəmizi təmsil edən 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarında iştirak edib. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks yarışlarında olmaqla 3 hakimlə də təmsil olunub. Komandamıza yeganə qızıl medalı taekvondoçu Radik İsayev qazandırıb. Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular Rütəm Orucov və Elmar Qasımov, qadın güləşçimiz Mariya Stadnik və kanoeçi Aleksandr Demyanenko yalnız final görüşlərində uduzaraq gümüş medala sahib olublar.

Taekvondo yarışlarında Milad Beiqi Harçeqani və Patimat Abakarova, boksçu Kamran Şahsuvarlı, güləşçilər Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov, avarçəkən İnna Osipenko-Radomskaya isə bürünc medalla kifayətləniblər.

Olimpiadada hesabında 121 medal (46 qızıl, 37 gümüş və 38 bürünc) olan ABŞ birinci olub. Böyük Britaniya 67 medalla (27 qızıl, 23 gümüş, 17 bürünc) ikinci, Çin 70 medalla (26 qızıl, 18 gümüş və 26 bürünc) üçüncü pillədə yer alıb.

İlk onluğu Rusiya (19-18-19), Almaniya (17-10-15), Yaponiya (12-8-21), Fransa (10-18-14), Cənubi Koreya (9-3-9), İtaliya (8-12-8) və Avstraliya (8-11-10) tamamlayıb.


 

İlk dəfə taekvondada qızıl medal

 

Rio-2016 Azərbaycan Olimpiya yığması üçün maraqlı məqamları ilə yanaşı, rekordları ilə də yadda qalıb. Olimpiyaçılarımız həm qazandıqları medal sayına görə, həm də taekvondo, boks və avarçəkmədə yeni tarix yazmaqla çoxsaylı rekordlar qazanıblar.

Şübhəsiz ki, Olimpiya yığmamızdan ən yaxşı nəticəni taekvondoçularımız göstəriblər. Yay Olimpiya Oyunlarına ilk dəfə tam heyətlə (4 idmançı) yollanan taekvondoçularımız yüksək nəticəyə imza atıblar. Ölkəmiz yeganə qızıl medalı da məhz bu idman növündə qazanıb. Bu, həm də Olimpiya Oyunlarında ölkəmizin idman tarixində taekvondo idman növündə ilk "qızıl"ıdır. Komandamızın aparıcı üzvlərindən olan Radik İsayev öz çəkisində (+80 kq) planetin ən güclü olduğunu sübut edib. O, həlledici görüşdə Abdulrazzak İssufu 6:2 hesabı ilə məğlub edərək Olimpiya çempionu adını qazanıb.

Olimpiadada Patimat Abakarovanın (49 kq) və Miladi Beiqi Herçeqaninin (80 kq) bürünc mükafatları taekvondo üzrə milli komandamızın qadınlar və kişilər arasında əldə etdiyi ilk medal idi. Qadın taekvondoçumuz Fəridə Əzizova (67 kq) isə olimpiadada 5-ci yeri tutub. Təmsilçilərimiz 1 qızıl və 2 bürünc olmaqla, ümumilikdə 3 medal qazanaraq bu idman növündə tarixi nailiyyət əldə ediblər. 4 taekvondoçumuzdan 3-nün medal qazanması idmançı sayına nisbətdə 75 faiz nəticə anlamına gəlir. Bu da taekvondoçuların olimpiadada möhtəşəm uğur deməkdir. Rio-2016-da qazanılan nəticələrə görə 4-cü yeri tutaraq, ən yaxşı yığmalardan biri kimi tarixə düşən taekvondo üzrə Azərbaycan millisi Olimpiadanı MDB ölkələri arasında 1-ci, Avropada isə 2-ci yerdə başa vurub.


 

Güləşdə 9 medal

 

Yay Olimpiya Oyunlarında medal qazanan atletlərimiz arasında güləşçilərimiz, bir qayda olaraq, xüsusilə fərqləniblər. Bu da ölkəmizdə güləşin qədim tarixi kökləri ilə bağlıdır. Elə bir azərbaycanlı tapmaq çətindir ki, uşaq və yeniyetmə çağlarında bu və ya digər səviyyədə güləşlə məşğul olmasın. Bu mənada bütün olimpiadalarda medal qazanmağa şanslı atletlərimiz arasında güləşçilərimizin daha önəmli mövqeyə sahib olması anlaşılandır. Rio-2016-da qələbə uğrunda mübarizə aparan güləşçilərimizin də təbii ki, yüksək nəticələr gözlənilirdi. Ən müxtəlif səviyyələrdə verilən bu proqnozları olimpiadada iştirak edən güləşçilərimiz ləyaqətlə doğrultdular. Olimpiadanın güləş yarışlarında 14 idmançı ilə çıxış edən milli komandamız 3 gümüş və 6 bürünc olmaqla 9 medal qazandılar. Bu nəticə ölkəmizin müstəqil dövlət kimi indiyədək iştirak etdiyi Olimpiya Oyunları ilə müqayisədə güləş idman növündə ən çox medal qazanılan yarışlardır. Ölkəmizin Olimpiya tarixində yeni bir səhifə açan güləşçilərimiz qazanılan medalların sayına görə Rusiya ilə ilk sıranı bölüşdürüblər - hərəyə 9 medal.

Yarışların ilk üç günündə baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında 5 çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (66 kq) və Sabah Şəriəti (130 kq) bürünc medal qazanıblar. Bu nəticə ilə yunan-Roma üzrə yığmamız Dünya Güləş Birliyinin (DGB) ənənəvi reytinq sıralamasında 3-cü olublar. Qadın güləşçilərin yarışında baş məşqçi Semyon Çterevin rəhbərliyi altında çıxış edən 3 idmançımız 1 gümüş və 1 bürünc medal əldə ediblər. Mariya Stadnik (48 kq) yalnız finalda uduzaraq gümüş, Nataliya Sinişin (53 kq) isə bürünc medal qazanıb. Bu nəticə ilə qadın güləşi yığmamız DGB-nin reytinq sıralamasında 4-cü yerdə qərarlaşıb.

Yarışların son üç günündə qələbə uğrunda altı çəki dərəcəsində əzmlə mübarizəyə qoşulan sərbəst güləşçilərimiz də yığmamızın medal aktivini daha da zənginləşdiriblər. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında sərbəst güləş üzrə yarışlarda öz qüvvəsini sınayan 6 pəhləvanımızdan - Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) gümüş, Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) isə bürünc medallar qazanıblar. Medalların sayına (2 gümüş, 3 bürünc medal) və DGB-nin reytinqində sərbəst güləş üzrə yığmamız birinci yerə yüksəlib.

Azərbaycan pəhləvanlarının Rio-2016-da qazandıqları bu nəticələr yuxarıda qeyd etdiyimiz kimi, müstəqil ölkə kimi indiyədək iştirak etdiyimiz Olimpiya Oyunları ilə müqayisədə medalların sayına görə yeni mərhələdir. Statistik göstəricilər də medalların sayındakı artımı sübut edir. Belə ki,1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunlarında 1 gümüş, 2000-ci il Sidneydə keçirilən Olimpiadada 1 qızıl, 2004-cü ildə Afinada keçirilən Olimpiadada 1 qızıl, 2008-ci ildə Pekində keçirilən Olimpiadada 2 gümüş, 2 bürünc, ümumilikdə 4 medal, 2012-ci ildə Londonda keçirilən Olimpiadada isə 2 qızıl, 2 gümüş, 3 bürünc olmaqla yekunda 7 medal qazanan güləşçilərimiz Rio-2016 Olimpiya Oyunlarında 3 gümüş və 6 bürünc olmaqla, ümumilikdə 9 medal əldə ediblər.

Qeyd edək ki, Mariya Stadnik və Xetaq Qazyumov ardıcıl üç Olimpiadada mükafatçı olan ilk idmançılar kimi ölkənin idman tarixinə imza atıblar.

 

Olimpiya Oyunlarında güləşçilərimizin qazandığı medallar

 

İl Şəhər Qızıl Gümüş Bürünc Cəmi

1996 Atlanta 0 1 0 1 (15-18-ci yer)

2000 Sidney 1 0 0 1 (7-10-cu yer)

2004 Afina 1 0 0 1 (8-11-ci yer)

2008 Pekin 0 2 2 4 (13-cü yer)

2012 London 2 2 3 7 (4-cü yer)

2016 Rio 0 3 6 9 (11-ci yer)

 

Müstəqillik qazandıqdan sonra Azərbaycan 6 yay Olimpiya Oyunlarında iştirak edib. Bu olimpiadalarda qazandığımız 44 medal 7 idman növündə əldə edilib. Müqayisə üçün bildirək ki, olimpiyaçılarımız üçün ən uğurlu növ şübhəsiz ki, güləşdir. Qazanılan medalların yarıdan çoxu (23 medal) məhz pəhləvanlarımızın aktivindədir. Əldə etdiyimiz 7 qızılın da yarıdan çoxu (4 medal) bir nömrəli idman növümüzün payına düşür. Müstəqillik illərimizin bütün Yay Olimpiya Oyunlarından güləşdə medal qazanmağımız, bu idman növünün fərqləndirən cəhətlərdən biridir. Rio-2016-da 9 medal əldə edən pəhləvanlarımız əvvəlki olimpiadada bütün yığmamız üçün arzulanan bir göstəriciyə imza atıblar.

 

Cüdo

 

Olimpiyaçılarımız cüdo yarışlarında 7 gün ərzində 14 dəst medal uğrunda mübarizə aparıblar. Olimpiadada 6 kişi cüdoçu ilə qələbə uğrunda mübarizəyə qoşulan Azərbaycan millisi 2 gümüş medal qazanmaqla Olimpiya komandamıza ilk medal sevincini yaşadıblar. Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) finaladək olan rəqiblərini məğlub edərək, yalnız həlledici qarşılaşmada uduzublar. Digər cüdoçularımız da qələbə uğrunda səylə mübarizə aparsalar da, medal qazana bilməyiblər. Lakin Olimpiya Oyunlarında ilk səkkizlikdə yer almaq özü də bir nəticədir. Belə ki, cüdoçularımızdan Orxan Səfərov (60 kq) Olimpiadanı 5-ci, Məmmədəli Mehdiyev (90 kq) isə 7-ci yerdə başa vurub.

London-2012 ilə müqayisədə cüdoçularımızın nəticələrini qənaətbəxş hesab etmək olar. Cüdo idman növündə əldə olunan bu uğurlar onu deməyə əsas verir ki, London Olimpiadasından sonra bu idman növündə yenidən canlanma var. Cüdo yarışlarında iştirak edən 136 ölkədən yalnız 26-sı medal qazanıb. Azəbaycan cüdoçularının qazandıqları 2 gümüş medal yığmamızı medal sıralamasında 12-ci yerə yüksəldib. Ölkəmiz postsovet məkanında yalnız Rusiyadan geri qalaraq 2-ci olub. Qeyd edək ki, kişilərdən ibarət komandaların medal sıralamasında yığmamız daha yüksək - 6-cı yeri tutub. Bu nəticəyə cüdo üzrə milli komandamızın yalnız kişi cüdoçularla təmsil olunması təsir edib. Belə ki,ümumi sıralamada olduğu kimi kişilərin hesabında da Yaponiya 1-ci olub. Maraqlıdır ki, 7-si kişi, 5-i qadın olmaqla asiyalılar isə ümumilikdə 12 medal qazanıblar.

Qazanılan nəticələr ölkəmizdə bu növün diqqət mərkəzində saxlanılmasından xəbər verir. Əbəs yerə deyil ki, 2018-ci ildə cüdo üzrə dünya çempionatına ev sahibliyi etmək Bakıya həvalə olunub. İnanırıq ki, iki ildən sonra keçiləcək turnirdə cüdoçularımıza göstərilən etimadı bir daha doğruldacaqlar.

 

Boks

 

Azərbaycan atletlərinin Rio-2016-da qazandıqları medalların sırasına boksçularımız da 1 gümüş və 1 bürünc medal əlavə etməklə həm bu idman növündə, həm də ölkəmizin Olimpiya tarixində böyük bir uğura imza atıblar. Azərbaycan boksçusunun finala yüksəldiyi 12 ölkədən biri olub. Belə ki, Olimpiadanın proqramına daxil olan boks idman növündə 13 medal dəsti uğrunda mübarizə aparan 11 boksçumuzdan - Lorenzo Sotomayor (64 kq) gümüş, Kamran Şahsuvarlı (75 kq) isə bürünc medal qazanıblar. Ölkəmizin boks tarixinə ilk və hələlik yeganə finalçı kimi düşən idmançımız L.Stomayorun qızıl medal qazanmaq şansı olsa da, o final qarşılaşmasında özbəkistanlı rəqibi Fazliddin Qaybnəzərova uduzaraq, gümüş medal qazanıb. Qeyd etmək lazımdır ki, hakimlərin ədalətsizliyi də boksçumuzun qızıl medal qazanmaq uğrundakı mübarizəsinə mane olub. Nəticədə Olimpiya Oyunlarını 1 gümüş və 1 bürünc medalla başa vuran boks komandamız Olimpiadada 10-cu yerə çıxıb. Kolumbiya ilə eyni göstəriciyə malik ölkəmiz, Qazaxıstanın boksçuları Asiyada mübarizə apardığından, Fransa, Rusiya və Böyük Britaniyadan sonra Avropada 4-cü olub. Medal sayında birinci yeri tutan Özbəkistan Kuba ilə eyni sayda qızıl medal qazansa da digər mükafatlarda onları qabaqlayıblar. Fransa isə üçüncü olub. Ümumilikdə, bu idman növündə 19 ölkənin boksçusu medal qazanıb.

London-2012-də Teymur Məmmədovla Məmmədrəsul Məcidovun hər birinin fəxri kürsününü üçüncü pilləsində qərarlaşdığını nəzərə alsaq, Rio-2016-nı boksçularımız üçün də uğurlu hesab etmək olar.

 

Avarçəkmədə ilk dəfə

 

XXXI Yay Olimpiya Oyunları ölkəmiz üçün həm də onunla əlamətdar oldu ki, ilk dəfə olaraq avarçəkmə idman növündə də 1 gümüş və 1 bürünc olmaqla 2 medal qazanılıb. Belə ki, Valentin Demyanenko birnəfərlik kanoe qayığında 200 metr məsafədə gümüş, İnna Osipenko-Radomskaya isə birnəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yürüşdə bürünc medal əldə ediblər. Azərbaycan Olimpiya Oyunlarında avarçəkmə idman növündə ilk dəfə medal qazanaraq idman tariximizdə yeni səhifə yazıb.

Beləliklə, olimpiyaçılarımız yüksək əzmkarlıq sayəsində 18 medal qazanıblar. Bunun sayəsində Azərbaycan Olimpiya Hərəkatında və idman tarixində yeni səhifə açılıb. Şübhəsiz ki, qazanılan 18 medal uşaq və gənclərimizi idmana həvəsləndirən əsas stimullardan biridir. Onlar Radik İsayev, Toğrul Əsgərov, Rüstəm Orucov, Fəridə Əzizova kimi idmançlarımızı özlərinə kumir seçiblər. Ümid edirik ki, adıçəkilən idmançılardan ilhamlanıb zallara ayaq basan uşaq və yeniyetmələr növbəti Olimpiadalarda ölkəmizi təmsil edərək, başqalarına nümumə olacaqlar.

 

Azərbaycanın Müstəqillik illərində yay Olimpiya Oyunlarında qazandığı medallar

 

Ölkəmiz yay Olimpiya Oyunlarında cəmi 9 idman növündə medal qazanıb.

 

Sərbəst güləş: 11 medal - 3 qızıl, 3 gümüş, 5 bürünc

Yunan-Roma güləşi: 7 medal - 1 qızıl, 3 gümüş, 3 bürünc

Qadın güləşi: 5 medal - 2 gümüş, 3 bürünc

Taekvondo: 3 medla - 1 qızıl, 3 bürünc

Kanoe: 2 medal - 1 gümüş, 1 bürünc

Boks: 7 medal - 1 gümü., 7 bürünc

Atıcılıq: 3 medal - 1 qızıl, 2 bürünc.

 

 

1. Atlanta-1996 - 1 medal (0-1-0)

2. Sidney-2000 - 3 medal (2-0-1)

3. Afina-2004 - 5 medal (1-0-4)

4. Pekin-2008 - 7 medal (1-2-4)

5. London-2012- 10 medal (2-2-6)

6. Rio-2016 - 18 medal (1-7-10)



News and Events