Azerbaijan State Academy of Physical Education and Sport

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 20 Yanvar qurbanlarını yad edir

90-cı illərin əvvəllərində Dağlıq Qarabağda erməni yaraqlıqlarının azərbaycanlılara qarşı terror əməliyyatlarını genişləndirmələri respublikadakı siyasi gərginliyi son həddə çatdırmışdı. Uzun müddət fəaliyyətsizlik göstərən respublika rəhbərliyi birdən-birə, olduqca şübhəli şəkildə cəsarətə gələrək, açıqdan-açığa könüllü silahlı dəstələrin yaradılması təşəbbüsü ilə çıxış etməyə başladı. 1990-cı ilin 15 yanvarında Azərbaycan KP MK-nın I katibi Ə.Vəzirov Bakı məişət soyuducuları zavodu işçiləri ilə görüş zamanı silah tuta bilən bütün gəncləri könüllü dəstələrə yazılmağa çağırdı və eyni zamanda onların silahla təmin ediləcəyini bildirdi. Bu görüş və Vəzirovun çağırışı Azərbaycan televiziyası ilə bütün respublikaya yayımlanırdı. Bu cür çağırışlar, həmin günlərdə “partkomların” adından Bakının bütün müəssisə və idarələrində asılmışdı. Məhz partiya komitələrində könüllərin siyahıları toplanırdı. Aydın məsələ idi ki, çox böyük fitnəkarlıq hazırılanır. Lakin Azərbaycan Xalq Cəbhəsinin radikal qanadı hakimiyyət uğrunda mübarizə eyforiyasında bu fitnəkarlığa uyaraq, təkcə AXC-ni deyil, həm də bütün milli-demokratik hərəkatı zərbə altında qoydu. AXC İH-ni xəbərdar etmədən onlar Milli Müdafiə Şurası (MMŞ) yaratdılar və yeni seçilmiş İH-ni fakt qarşısında qoydular. Sonrakı hadisələr göstərdi ki, MMŞ məhz respublika rəhbərliyinin bilavasitə təhriki ilə yaradılmışdı. Belə bir fakt əlamətdardır ki, mərkəzin o vaxt Bakıda olan nümayəndələri – Y.M.Primakov, A.İ.Girenko əsasən, AXC İH ilə deyil, MMŞ üzvləri ilə danışıq aparırdılar, yaxud onları ayrı-ayrılıqda qəbul edirdilər.

Beləliklə, MMŞ-nin yaradılması həmin böhranlı günlərdə AXC İH-nin hadisələrə rəhbərlikdən uzaqlaşdırılmasına xidmət edərək, mərkəzin qurduğu oyunda vasitə rolunu oynaırdı. Bu məsələdə MMŞ üzvlərinin öz məqsədləri elə bir əhəmiyyət daşımırdı.

Respublikada son həddə qədər gərginləşmiş vəziyyəti SSRİ Ali Soveti Rəyasət Heyətinin «Dağlıq Qarabağ və bəzi digər rayonlarda fövqəladə vəziyyət elan olunması» haqqında 15 yanvar 1990-cı il tarixli fərmanı, xüsusilə, həmin fərmanın Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinə Bakı və Gəncədə komendant saatı tətbiq edilməsini tövsiyə edən VII bəndi daha da kəskinləşdirdi. Respublika əhalisi hamılıqla həmin fərmanı ədalətsiz, ermənipərəst bir akt kimi qiymətləndirirdi. Fərman elan olunduqdan sonra hərbi hissələrin ətrafında piketlərin qurulması başlandı.

AXC İH-nin 17 yanvar tarixli qərarı ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin bu fərmanı Azərbaycan xalqının milli ləyaqətini təhqir edən bir sənəd kimi qiymətləndirildi. AXC İH-nin qərarında 20 yanvar 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasının çağırılması və bu fərmanın Azərbaycanın suverenliyi haqqında Konstitusiya Qanununa zidd bir akt kimi ləğvi tələb edilirdi. Eyni zamanda, AXC Sovet qoşunlarının şəhərə silahla yürüş edəcəyi təqdirdə ona müqavimət göstərməməyə çağırdı.

Yanvarın 17-də Azərbaycan SSR KP MK-nın binası qarşısında Ali Sovetin fövqəladə sessiyasını çağırmaq və respublika rəhbərliyinin istefası tələbi ilə fasiləsiz mitinq başladı.

Moskva xalqın gözündə özünü tamamilə rusvay etmiş yerli oyuncaq hakimiyyəti xilas etmək üçün son tədbirə – silah tətbiqinə əl atdı. SSRİ Ali Sovetinin Rəyasət Heyəti Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında M.S.Qorbaçov tərəfindən imzalanmış fərmanı qəbul etdi və məlum olduğu kimi həmin fərman çoxdan hazırlanmış cinayətin ən vəhşi şəkildə həyata keçirilməsinə formal əsasdan başqa bir şey deyildi.

Yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları əhalini xəbərdar etmədən Bakıya yeridildi.

Bakıya qoşun yeridilməsi və günahsız, dinc əhaliyə qarşı silah tətbiq edilməsinə haqq qazandırmaq üçün SSRİ-nin ali rəhbərləri bir-birini inkar edən ziddiyyətli bəyanatlar verirdilər. Bu əməliyyata bilavasitə rəhbərlik etmiş müdafiə naziri D.Yazovun sözləri həqiqətə daha yaxındır. 20 yanvardan bir neçə gün sonra D.Yazov hələ Bakıda olarkən, «İzvestiya» müxbirinin sualına cavab olaraq bildirmişdi ki, qoşun şəhərə AXC-nin mövcud strukturunu məhv etmək üçün daxil olub. Hərbçilər tərəfindən demokratik hərəkatın 200-dən çox fəalı həbs olundu. AXC İH və rayon şöbələri gizli fəaliyyətə keçdilər. 20 yanvar faciəsindən sonra yaranmış vəziyyəti təhlil edərək, AXC İH 26 yanvar 1990-cı il tarixli qərarında bütün rayon (şəhər) şöbələri, dayaq dəstələri və ayrı-ayrı üzvlərdən tələb etdi ki, yalnız dinc siyasi vasitələrlə təcavüzkarlara qarşı mübarizə aparsınlar.

Əvvəlcədən düşünülmüş ssenari üzrə igid cavanlarımızı, ana-bacılarımızı, hətta körpələrimizi də qırdılar. Televiziya qurğuları dağıdıldı, radionun səsi kəsildi. Şəhərin «əməliyyat» aparılacaq masssivlərində elektrik xətlərini iflic etdilər ki, xəbərdarlıq etmədən əliyalın, dinc əhaliyə divan tutsunlar, bəd əməllərini görən olmasın, istədiklərini edə bilsinlər.

Şəhərdə sabitlik yaratmaq əvəzinə, dörd səhv qərar qəbul edildi: 1. Ümumi tətillər; 2. Şəhəri qorumaq məqsədilə yollarda kütləvi piketlər təşkil etmək; 3. Mitinqlərin MK qarşısına köçürülməsi; 4. İstefa şüarı. Bunların hamısı böhranı dərinləşdirdi. Hərəkatın dinc xarakterini qoruyacaq yeganə doğru şüar Respublika Ali Sovetinin sessiyyasını çağırıb, Ermənistanla sərhəddəki toqquşmalara rəsmi siyasi qiymət verməyi tələb etmək idi.

Bakıda fövqəladə vəziyyət barədə fərman «Zaman» proqramında elan olunmalı idi. Amma televiziyanın enerji blokunun partladılması buna imkan vermədi. Bakı əhalisi şəhərdə fövqəladə vəziyyət elan olunduğunu ancaq səhər saat 6-ya qədər yüzlərlə adamın qanı axıdılandan sonra bildi. Qanlı yanvar günlərində xalqımız öz yolunu müəyyənləşdirdi, qanı axa-axa, hər cür məhrumiyyətlərə sinə gərərək azadlığa doğru addımladı.

Moskvadakı Azərbaycana düşmən qrupların və daxildəki satqınların səyi nəticəsində azərbaycanlıların Qarabağdakı dədə-baba torpaqlarından köçürülməsi həyata keçirildi, xalq hərəkatı içərisində təfriqə salındı. Nəticədə Azərbaycanın tarixi ərazisi olan Qarabağ işğal edildi. Bunun ardınca tarixi cinayət - Qanlı Yanvar qırğını baş verdi: 744 nəfər yaralandı, 131 nəfər şəhid oldu. 400 nəfər həbs olundu, 4 nəfər itkin düşdü. Onlardan – 117-si azərbaycanlı, 6-sı rus, 3-ü tatar və 3-ü yəhudi idi.

Eyni hal 1776-cı ildə Amerikada da baş verib. Onlar da azadlıq uğrunda ingilis qoşunlarının qarşısına çıxıb, vuruşaraq qeyri-bərabər döyüşdə böyük itkilər veriblər. Bu gün ABŞ-da həmin vuruşmada, dinc əhaliyə qarşı qırğınlar zamanı şəhid olan insanlara qoyulan abidələr insanlarda hüzn, kədər doğuran abidəyə deyil, bir qəhrəmanlıq, əzmkarlıq abidələrinə çevriliblər. Yəni xalq o abidələrin qarşısından keçəndə "biz öldürülmüşük, qırılmışıq” kimi deyil, "biz böyük imperiyaya qarşı vuruşmuşuq” kimi yanaşır.

XX əsrin 90-cı illərində SSRİ-nin dağılması nəticəsində yaranmış şəraitdən istifadə edən Ermənistan hakimiyyət dairələri Azərbaycana, o cümlədən Naxçıvana qarşı öz ərazi iddialarını artıq müharibə yolu ilə gerçəkləşdirmək qərarına gəldilər. Naxçıvan çətin sınaqlar qarşısında qaldı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Sovet qoşunlarının Bakıya hücumundan 8 saat əvvəl sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasına hücum etmiş, dinc əhalini qətlə yetirərək Kərki kəndini işğal etmişdi.

Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə Ümumittifaq şəbəkəsinə daxil olan, Azərbaycanı Naxçıvanla bağlayan dəmir yol xətləri və avtomobil yolları kəsilmiş, Naxçıvan Azərbaycanın əsas hissəsindən təcrid edilərək blokadaya salınmışdı.

Həmin il Rus ordusunun Qorbaçovun başçılığı ilə Bakıda törətdiyi dəhşətli hadisəni bütün dünyaya bəyan etmək üçün Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlir. Xarici jurnalistlərin qarşısında Heydər Əliyev SSRİ-i tarixində ilk dəfə olaraq, Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovu Azərbaycan xalqının qətlində ittiham edərək bildirdi ki, bu gün (19-20.01.90) Azərbaycan xalqının taleyinə qanlı, faciəli gün kimi şəhid övladların qanı ilə yazılmışdır. Yanvar ayının  19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakının küçələrində, meydanlarında qan dizə çıxdı.

1995-ci aprelin 27-də İstanbulda Mixail Qorbaçov Qara Yanvarla bağlı bunu demişdi:Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”.

2015-ci ildə Mixail Qorbaçov özünün yazdığı "Həyat və islahatlar" kitabındakı memuarlarında sovet ordusunun 20 yanvarda Bakıya qanlı müdaxiləsi barədə mövqeyini qeyd edərkən o, 20 yanvar qırğının məsuliyyətini dolayısı yolla olsa da etiraf edib. "Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır" - deyə Mixail Qorbaçov vurğulayıb.

 

Ən müasir silahlarla xalq atəşə tutuldu, tanklar, toplar dinc əhalini amansızcasına, vəhşicəsinə məhv etməyə başladı. Bu çıxışdan sonra isə Heydər Əliyev xalqının ağır və faciəli günlərində vətənə dönməyi qərarlaşdırır. Dağılmaqda olan imperiya Heydər Əliyevin şəxsiyyətinə və bu dahi insanın siyasi baxışlarına yaxşı bələd olduğu üçün onun öz doğma vətəninə dönməsinə böyük manelər törətməyə başlayır. Amma dahi siyasətçi Heydər Əliyev bütün bu maneələri dəf edərək Bakıya qayıtmağa müvəffəq olur. Bu dövrdə öz çirkin əməllərini həyata keçirmək istəyənlər Heydər Əliyevin Bakıda siyasi fəaliyyətinə maneələr yaradır və onun ölkəni tərk etməsini istəyirlər. Xalqımızın fəlakətlərə sürükləndiyi, erməni işğalçılarının ölkəmizin içərilərinə doğru hərəkət etdiyi bir zamanda Naxçıvan əhalisi yekdillik və uzaqgörənliklə Heydər Əliyevi Azərbaycan Respublikası Ali Sovetinə deputat və Muxtar Respublikaya rəhbər seçdi. Yalnız bundan sonra taleyin ümidinə buraxılmış Naxçıvan, Qarabağ və ümumiyyətlə, bütöv Azərbaycan fəlakətdən qorunmuş oldu.

Əziz oxucu, bu hadisə necə də H.Cavid taleyinin əks-sədası kimi səslənir: «Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü» deyən bir şairin harayı ilə səsləşir.

Məhz belə ağır bir şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək, Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi və onun müxtariyyət statusunu qoruyub saxladı. Naxçıvanın 1990-cı ilin yayında seçilmiş Ali Soveti həmin il noyabrın 27-də birinci sessiyasında muxtar respublikasının adından «sovet», «sosialist» sözlərini çıxardı, Ali Sovetin adının dəyişdirb Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırdı.

AXC-nin həmin dövrdə gücü və imkanları yalnız martın 5-də AXC-nin qərarı ilə dayandırılan 40 günlük ümumrespublika tətilinin müvəffəqiyyəti əyani sübut oldu. Həmin tətil nəticəsində dövlətə yarım milyard manatdan çox ziyan dəydi.

1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi. Milli Məclisin həmin qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.

Xalqımızın ümummilli lideri Heydər Əliyev demişdi: "Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: "20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar".

Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda "Vətən sağ olsun" deyib canlarından keçən övladları bütün dünyaya sübut etdilər ki, Vətən torpağı müqəddəsdir, toxunulmazdır. Təsadüfi deyilməyib ki, heç nə yaddan çıxmır, heç kəs unudulmur. Vətən yolunda şəhidlik zirvəsinə yüksələnlər də heç vaxt unudulmur, yaddaşlardan silinmir, çünki şəhidlər ölməzdir. Bu ölməzlik həm də dövlətimizin müstəqilliyində, xalqımızın birliyində yaşayır.

Ulu öndərin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 yanvarda dövlətimizin müstəqilliyi, suverenliyi, ərazi bütovlüyü və xoşbəxt gələcəyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm işlər görüb. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" fərmanı ilə şəhid ailələrinə dövlət qayğısı daha da artırılmış oldu. Bütün bunlar və bu istiqamətdə atılan digər dövlət səviyyəli addımlar ölkə prezidenti İlham Əliyev tərəfindən Vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərilən qayğının bariz nümunəsidir.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il xalqımızn bu qəhrəmanlıq salnaməsinin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.

Xalqımızın yaddaşında bu faciə eyni zamanda, mubarizlik simvolu kimi yaşayır. Yanvar hadisələri xalqımıza azadlıq hissi və seçim verdi. Bu azadlıq və seçimin ali nöqtəsi müstəqil Azərbaycanın yardılması oldu.

Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan var: bu, 20 Yanvar şəhidlərinin və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların qəhrəmanlarımızn dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan bu xiyabanı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən övladlarının xatirəsi ürəklərdə əbədi yaşayacaq. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

 

 

Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru, professor

News and Events