Azerbaijan State Academy of Physical Education and Sport

Ümummilli lider Heydər Əliyevin 96 illiyinə həsr olunmuş Ali Təhsil Müəssisələri arası “Breyn-rinq” üzrə intellektual yarış

4 may 2019-cu il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasıbəti ilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Breyn-rinq” intellektual yarışı keçirildi. Yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və “MZ Production”un tərəfdaşlığı ilə keçirildi.
Tədbirin açılış mərasimində Gənclər və İdman nazirinin müaivini İntiqam Babayev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının sədri Faiq Məmmədov çıxış edərək, ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan, onun Azərbaycan gəncliyinin hərtərəfli inkişafı üçün göstərdiyi xüsusi diqqət və qayğıdan, gənclərin intellektual səviyyələrinin yüksəldilməsi və vətənpərvər ruhda tərbiyə olunması sahəsində görülən işlərdən ətraflı məlumat verdilər.
Respublikanın 48 ali və orta ixtisas təhsili müəssəsinin komandaları iştirak edən intelektual yarışmada (ümumilikdə 240 nəfər iştirakçı) Ulu Öndərin həyat və fəaliyyətini, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyət və incəsənəti ilə bağlı sualları cavablandıraraq qələbə uğrunda mübarizəyə qoşuldu. 
Gərgin və maraqlı mübarizə ilə yadda qalan yarışmada 1-ci yerə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının komandası, 2-ci yerə Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandası və 3-cü yerə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin komandası layiq görüldü.
Qalib komandalara Gənclər və İdman Nazirliyinin “Fəxri fərman”ları təqdim olundu.

News and Events