Azerbaijan State Academy of Physical Education and Sport

ADBTİA-da breyn-rinq üzrə intellektual yarış keçirildi

          Ümummilli lider Heydər Əliyevin 95 illiyinin qeyd edilməsini, Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi haqında” Sərəncamının, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.4. yarımbəndinin (Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi) icrasını təmin etmək məqsədi ilə Gənclər və İdman Nazirliyi 24 may 2018-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında breyn-rinq üzrə yarış keçirildi. Bilik yarışında 19 ali təhsil müəssisəsini və 1 orta ixtisas təhsili müəssisəsini 21 komanda təmsil edirdi.

Yarışın keçirilməsində əsas məqsəd- gənclər arasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, Azərbaycanın müasir tarixində, xalqımız və  dövlət qarşısındakı əvəzsiz tarixi xidmətlərini, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın tarixində tutduğu yeri, xüsusilə də, müstəqil milli dövlətçilik ideyalarının bərqərar olması, irqi, milli, dini, sinfi bərabərsizliyin ləğvi sahəsində, habelə dövlətin bütün idarəetmə sistemində həyata keçirilən uğurlu fəaliyyəti, onun dünya ölkələri tərəfindən hüquqi cəhətdən tanınması istiqamətində aparılan tarixi fəaliyyəti böyüməkdə olan müstəqil Azərbaycan gəncləri arasında təbliğ etmək, onlarda öz tarixi liderlərinə hörmət hissi aşılamaq, dövlətçilik ideyaları ruhunda tərbiyə etmək, habelə, onlar arasında intellektual yarışları populyarlaşdırmaq və asudə vaxtını səmərəli təşkil etməkdir.

Tədbir Dövlət Himninin sədaları ilə açıldı. Daha sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev  intellektual yarışda iştirak edən komandaları salamlayaraq, Akademiyada tədrisin təşkili istiqamətində son illər aparılan işlərdən bəhs etdi. O, Azərbaycan gəncliyinin yüksək təhsil alması üçün dövlət yaratdığı imkanlardan yararlanmağı, qazanılan biliyin dövlətin və xalqın inkişafına yönəltməyi gənclərin əsas məqsəd və vəzifəsi olduğunu bildirdi. O, komandalara bilik yarışında uğurlar dilədi. Daha sonra tədbirdə iştirak edən  Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev çıxışında gənclərin ümummilli lider Heydər Əliyevin ideyalarının yaşadılmasının və onun həyata keçirilməsinin, habelə dövlətçilik tarixində şərəfli iz qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin fəaliyyətinin öyrənilməsinin, təbliğ edilməsinin vacibliyini bildirdi. Gənclərin daim dövlətçilik ideyalarına sadiq olmağı, onun müstəqilliyi və inkişafı naminə səylə təhsil almağı, öz intellektual inkişaflarının daim yüksəldilməsinin əsas vəzifələrdən biri olduğunu vurğuladı. İ.Babayevdə intellektual yarışda iştirak edən komandalara uğurlar dilədi.

Daha sonra yarışa start verildi.

            Gərgin keçən intellektual yarışın sonunda Bakı Slavyan Universitetinin komandası I yerə, Bakı Ali Neft Məktəbinin komandası II yerə və Azərbaycan Turizm və Menecment Universitetinin komandası III yerə layiq görüldü. Qalib komandalar Gənclər və İdman Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırıldı.

News and Events