Azerbaijan State Academy of Physical Education and Sport

İdman Akademiyasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan konfrans keçirilib

30 mart 2018-ci il tarixində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında  Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan konfrans keçirilib.

Konfrans Azərbaycanın dövlət himni ilə açılıb və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Sonra azərbaycanlıların soyqırımına dair sənədli film nümayiş olunub.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək bildirib ki, konfrans “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 18 yanvar tarixli Sərəncamına, “Azərbaycan gəncliyi 2017-2020-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, Gənclər və İdman Nazirliyinin Tədbirlər Planına əsasən keçirilir. Qeyd edilib ki, artıq Quba, Şamaxı rayonlarında, həmçinin Quba-Xaçmaz və Şirvan zonalarına daxil olan 15 şəhər və rayonun fəal gənclərinin iştirakı ilə silsilə konfranslar keçirilib. Bununla yanaşı, Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası ilə birgə sosial şəbəkələrdə geniş təbliğat işi aparır. Məqsəd azərbaycanlılara qarşı törədilmiş soyqırımlar barədə gənclərə ətraflı məlumat vermək, eləcə də Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.
İntiqam Babayev ermənilər tərəfindən əsrlər boyu Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətlərin mahiyyəti, məqsədləri, xronologiyası barədə danışıb. Bildirib ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə əlaqədar 1998-ci il martın 26-da xalqımızın ümummilli lideri Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla bu faciəyə lazımi siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Diqqətə çatdırılıb ki, ötən illərdə beynəlxalq ictimaiyyətin məlumatlandırılması, ermənilərin təcavüzkarlıq siyasətinin ifşası, sovet dövründə açılmamış tarixi faktların yenidən aşkarlanması istiqamətində ciddi addımlar atılıb, müxtəlif layihələr, tədbirlər keçirilib, tədqiqatlar aparılıb, kitablar nəşr olunub. Bu gün dövlətimiz tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı mühüm işlər görülür. Hazırda Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı müvafiq Sərəncamına əsasən ölkəmizdə və onun hüdudlarından kənarda müvafiq tədbirlər keçirilir.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və başqaları ermənilərin xalqımıza qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırımı və işğalçılıq siyasəti barədə məlumat verib, Azərbaycanlıların Soyqırımı Gününün tariximizə XX əsrin qanlı hadisəsi kimi yazıldığını bildiriblər. Konfransın məramının XX əsrin əvvəllərində erməni millətçiləri və terrorçu-quldur dəstələri, o cümlədən Daşnaksütyun partiyası tərəfindən bölgədə törədilmiş soyqırımı cinayətlərinin araşdırılması və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olduğunu qeyd ediblər.
Vurğulanıb ki, “böyük Ermənistan” yaratmaq xülyasında olan erməni daşnakları və terrorçu təşkilatları bu məqsədlərini reallaşdırmaq üçün müsəlman-türk əhalisinə qarşı qanlı qırğınlar, qətliamlar törədiblər. Bu qırğınların ən dəhşətlisi 1918-ci ilin mart soyqırımıdır. Həmin vaxt erməni daşnakları və silahlı quldur dəstələri tərəfindən Bakıda, digər şəhər və qəzalarda on minlərlə dinc sakin sırf etnik və dini mənsubiyyətinə görə qətlə yetirildi, yaşayış məntəqələri dağıdıldı, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edildi.
Bildirilib ki, mart soyqırımı erməni daşnaklarının azərbaycanlılara qarşı bəslədiyi nifrətin və düşmənçiliyin sübutudur. Bu düşmənçilik, erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasəti bu gün də davam edir. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə azərbaycanlılar erməni millətçiləri tərəfindən soyqırımı və etnik təmizləmələrə məruz qalıb. Xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırımı mahiyyət etibarilə Ermənistanın separatçılıq və terrorçuluq siyasətinin tərkib hissəsidir.
Qeyd edilib ki, bu qanlı hadisələrin təkrarlanmaması üçün tariximizin dərindən öyrənilməsi baxımından gənclərimizin üzərinə mühüm vəzifələr düşür. Məhz belə tədbirlərin keçirilməsi ermənilərin azərbaycanlılara qarsı törətdikləri ağır cinayətləri gənclərimizin unutmaması üçün vacibdir. Hazırda güclü Azərbaycan Ordusu istənilən an torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Aprel döyüşləri bunu dünyaya nümayiş etdirdi. Gənclərimiz mübariz, təhsilli olmalı və torpaqlarımızı işğalçılardan azad etmək üçün Ali Baş Komandanın çağırışına hər an hazır olmalıdırlar.

News and Events