Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-da yenilənmiş gimnastika zalı istifadəyə verilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yenidənqurma və bərpa işləri uğurla davam etdirilir. Bu işlərə   müxtəlif idman sahələrinin təlim-tədris prosesi üçün maddi-texniki bazalarının yaradılması və bərpası da aiddir.

Belə ki, qısa zamanda böyük, müsbət dəyişikliklərlə seçilən Akademiyada bu dəfə gimnastika zalının əsaslı təmiri ilə bağlı işlər yekunlaşmışdır.

Müasir standartlara cavab verən gimnastika zalında olan alətlərin təyinatı, tələbələr üçün tərtib olunmuş hərəkətlərin öyrədilməsi üçün müvafiq avadanlıqlar quraşdırılmış, gimnastika fənninin yüksək səviyyədə tədrisi üçün əla şərait yaradılmışdır.

Zalda quraşdırılmış gimnastika xalçasında tədris prosesinin ilkin mərhələsi, akrobatika və azadə hərəkətlərin keçirilməsi nəzərdə tutulur. Yellənmə, bükülüb-açılma və dartınma hərəkətlərini isə tələbələr müasir standarlara uyğunlaşdırılan turniklər vasitəsilə həyata keçirəcəklər.

Sallanma, yellənmə və qüvvə hərəkətləri zalda quraşdırılan halqalarda, dairələr, dönmələr, keçidlər isə dəstəli atda icra olunacaq. Statik və dinamik hərəkətlərin icarı üçün isə paralel qollar nəzərdə tutulub.

Bundan əlavə gimnastika zalında aşağı qoldan yuxarı qola olan sıçrayışlar, dayağa qalxmalar üçün müxtəlif hündürlüklü qollar, həmçinin, müvazinət, akrobatika, yeriş, qaçış hərəkətləri üçün gimnastika tiri və dayaqlı tullanmalar da quraşdırılıb.

Akademiyadan bildirilib ki, aparılan yenidənqurma və bərpa işlərinin əsas məqsədi tələbələri müasir təhsil sistemində tətbiq olunan yeniliklərlə təmin etmək, tədris metodikasının yüksəldilməsi və motivasiya faktorunun ön plana çıxarılmasıdır.

Xəbərlər