Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA beynəlxalq əməkdaşlıqlarını davam etdirir

Cari ilin 25 may tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Rumıniyanın Suceava Ştefan cel Mare Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

İmzalanma mərasimi Azərbaycanın paytaxtı Bakıda keçirilən I Azərbaycan-Rumıniya Universitetlərarası Forumu çərçivəsində keçirilib. Anlaşma Memorandumunun əsas məqsədi akademik və təhsil əməkdaşlığını inkişaf etdirmək və iki ali təhsil müəssisəsi arasında qarşılıqlı anlaşmanı təmin etməkdir. Tərəflər “Erasmus+” proqramı çərçivəsində tələbə və fakültə mübadiləsi istiqamətlərində əməkdaşlıq edəcək.

Mərasimdə çıxış edən Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev Rumıniya nümayəndə heyətini salamlayaraq, hər iki ölkənin bir çox sahələrdə əməkdaşlıq etdiyini bildirib. Azərbaycan və Rumıniya arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdirildiyini bildirən rektor Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olduğunu vurğulayıb. O, Azərbaycanın zəngin idman ənənələrinin olduğunu qeyd edib və bildirib ki, ölkəmiz 2015-ci ildə Avropa Olimpiya Oyunlarının, Formula 1 (2016 -2021) və 2017-ci ildə İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq idman tədbirlərinin bir çoxuna ev sahibliyi edib. O, həmçinin, Bədən Tərbiyəsi və İdman Akademiyasının yarandığı 1930-cu ildən etibarən olduqca əhəmiyyətli beynəlxalq tədqiqat və tədris təcrübə mərkəzinə, bədən tərbiyəsi və idman sahəsində regionun aparıcı ali təhsil müəssisəsi çevrildiyini bildirib.

Suceava Universitetinin rektoru Dr. Valentin Popa da iki ölkə arasında mövcud ikitərəfli münasibətləri yüksək qiymətləndirib. O bildirib ki, Suceava Universiteti demək olar ki, 10.000 tələbəsi ilə  Şərqi Avropa regionunda ən sürətli yüksələn universitetlərindən biridir. Universitetdə Bədən Tərbiyəsi və İdman fakültəsi daxil olmaqla, 10 fakültə mövcuddur.

Anlaşma Memorandumu imzalanma mərasimi imzalanmış sənədlərin mübadiləsi ilə başa çatıb.

Xəbərlər