Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

İtalyan universitetləri ilə görüş

Son zamanlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası beynəlxalq əlaqələrin inkişafı üçün ardıcıl işlər aparır. İdman təhsili sahəsində mövcud beynəlxalq təcrübəni və təhsil modellərini öyrənmək məqsədilə Akademiyanın nümayəndələri ABŞ, Almaniya, Türkiyə, Rusiya, Sloveniya, Latviya, Bolqarıstan, Belarus və s. ölkələrə ezam edilmiş, qarşılıqlı əməkdaşlıq əlaqələrini yaratmışdırlar.

29 sentyabr 2016-cı il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İtaliyanın 3 universitetinin nümayəndələri – Kassino və Cənubi Lasio Universitetinin rektoru, İtaliyanın ən böyük ali məktəblərindən olan Genuya Universitetinin təhsil şöbəsinin müdiri və Link Campus Universitetinin Erasmus proqramının koordinatoru ilə görüş kecirilmişdir.

İdman tədrisi sahəsində təcrübəni bölüşmək və gələcək əməkdaşlıq haqqında imkanları müzakirə etmək məqsədini daşıyan görüşün nəticəsində məşqçilərin hazırlanması, idman tibbi və idman menecmenti sahələrində davamlı əməkdaşlıq, yeni tədris proqramlarının hazırlanması, eyni zamanda müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi üçün fikir mübadiləsi aparılmışdır.

Görüş zamanı bir sıra məsələlər, o cümlədən bioetika və idman etikası, biokimya və molekular biologiya sahəsində adaptiv mexanizmlərin mükəmmələşdirilməsinə yönələn yeni texnologiyalar və dopinq məsələləri, Akademiyada elmi-tədris laboratoriyanın yaradıılması, məhdud fiziki imkanları olan tələbələrin tədris prosesinə cəlb edilməsi məsələləri geniş müzakirə edilmişdir. Qonaqlar Azərbaycanın son illər ərzində qazandığı idman uğurlarının ölkənin hazırkı inkişaf səviyyəsini və iqtisadi qüdrətini əks etdirdiyini vurğulamış, Bakı – 2015 Birinci Avropa Oyunları, əlalxüsus da Formula – 1 Avropa Qran Prisinin Azərbaycanda keçirilməsinin Vətənimizin idman ölkəsi kimi tanınmasında və beynəlxalq imicin yüksəlməsində böyük rol oynadığını xüsusilə qeyd etmişdirlər.

Xəbərlər