Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Azərbaycanda ilk dəfə beynəlxalq statuslu fitnes təlimatçısı Proqramı həyata keçirildi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ölkədə idmanın inkişafına və bu sahədə ixtisaslaşmış mütəxəssilərin hazırlanmasına təkan verməyə davam edir. Bir müddət öncə də məlumat verdiyimiz kimi, Akademiya idman təhsili sahəsində innovativ yeniliklər tətbiq etməklə yanaşı, peşəkar təlim və inkişaf proqramlarını da həyata keçirməkdədir.

Cari ilin 20 fevral – 9 mart tarixləri arasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə İxtisasartırma Proqramlarından biri olan fitnes təlimatçısı sertifikat proqramı həyata keçirilmişdir.

İmpact British Training Solutions ilə əməkdaşlıq çərçivəsində reallaşan İxtisasartırma Proqramları Beynəlxalq Fitnes və Sağlamlıq Assosasiyası və YMCA Awards tərəfindən akkreditə olunmuşdur.

Proqramın nəzəri hissəsi yerli peşəkar təlimçi Əli Muradov tərəfindən  Akademiyada,  məşğələlər isə Su İdmani Sarayında baş tutub.

Proqramın praktiki hissəsi İmpact British Training Solutions-dan dəvət olunmuş təlimçilər Jade O’boyle və Steven Duerden tərəfindən tədris olunub. Proqramda Club Port Baku, Su İdmani Sarayı, Atletika və Gimnastika Federasiyalarının nümayəndələri uğurla iştirak edib. Proqramı müvəffəqiyyətlə bitirən və imtahanları uğurla keçən iştirakçılar YMCA Awards tərəfindən təqdim olunan Beynəlxalq Fitnes Təlimatçısı sertifikatını əldə ediblər.

Məlumat üçün bildirək ki, İxtisasartırma proqramları dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında ADBTİA-da təsis edilib. Bu proqramlar sürətlə dəyişən və inkişaf edən idman sahəsində çalışan mütəxəssislərə, eləcə də bu istiqamətdə yeni çalışanlara peşəkar təlim imkanları təklif edir. Proqramların məqsədi yerli və xarici idman mütəxəssislərinin iştirakı ilə elmi və praktiki təlim proqramları təşkil etməklə idman sahəsində çalışan peşəkarları və bu sahəyə yeni qoşulan gənc mütəxəssisləri səmərəli fəaliyyətə ruhlandırmaq və onlara yüksək tədris verməkdir.

Xəbərlər