Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-da imtahanlar davam edir

Artıq 1 həftəyə yaxındır ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yaz imtahan sessiyası başlamışdır. Bu il ilk dəfə olaraq imtahanlar mərkəz serverləri Almanyada yerləşən "Online University" proqrami vasitəsilə elektron formada keçirilir. İyul ayının 7-nə qədər davam edəcək imtahanlarda tələbələr özlərinə məxsus loqin və parollardan istifadə edərək şəxsi tələbə səhifəsinə daxil olur və daha sonra səhifədə aktiv olan imtahan hissəsinə keçid edərək sualları cavablandırırlar. İmtahanlar kompüterlə təchiz edilmiş xüsusi otaqlarda 45 dəqiqə ərzində davam edir. Eyni vaxtda 3 nəzarətçinin müşayiətində təxminən 90-na yaxın tələbə  imtahanlarda iştirak edirlər. 

İmtahanların texniki məsələləri ilə məşğul olan Akademiyanın İKT şöbəsinin müdiri Şaiq Məmmədli keçən günlər ərzində ciddi bir problem yaşamadıqlarını və tələbələrin yeni sistemə rahat bir şəkildə adaptasiya olduğunu bildirdi. Tələbələr imtahanlara qruplar şəklində gəlir və yalnız imtahan zamanı elektron imtahan sistemi qrupun istifadəsinə açıq olur. Bu şəkildə elektron sistem tamamilə mərkəz tərəfindən nəzarətdə saxlanılır və hər bir tələbənin imtahan nəticəsi qorunur.

İmtahanlarda iştirak edən I kurs tələbəsi Rafael Quliyev yeni sistemin tətbiq edilməsini sevindirici bir hal kimi qiymətlənirdi. İmtahanlardan yüksək nəticə toplayan Rafael istifadə olunan yeni vasitələrdən əlavə imtahanların şəffaf və obyektiv şəkildə keçirilməsinin tələbələr arasında dərslərə olan diqqəti artırdığını və bunun da nəticələrə müsbət şəkildə təsir elədiyini dedi.

Qeyd edək ki, təhsildə müasir texnologiyanın tətbiqini qarşısına hədəf qoyan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası bu istiqamətdə layihələrini davam etdirir. Elektron imtahan sistemi ilə yanaşı olaraq Akademiya rabitədən kitabxanaya qədər hər bir sahədə yeni texnologiyaların tətbiqini hədəfləməkdədir.

Xəbərlər