Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Böyük Britaniyadan olan müəllim "İdman jurnalistikası" ixtisasının magistrantlarına intensiv tədris sessiyası keçib

Məlum olduğu kimi cari dərs ilindən etibarən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycanın və Qafqazın idman jurnalistikası ixtisası üzrə ilk magistr proqramının tədrisinə başlanılıb. Böyük Britaniyanın qabaqcıl Universitetlərindən biri olan Şeffild Hallam Universiteti ilə birgə hazırlananan proqramın məqsədi təhsil və tədris prosesinin təkmilləşdirilməsi və inkişafı, idman jurnalistikası sahəsində kadr potensialının artırılmasıdır.

Proqramın təlim-tədris sisteminə yerli və xarici müəllimlər, ekspertlər cəlb olunmaqdadır. Bu səbəbdən  Böyük Britaniyanın Şeffild Hallam Universitetinin idman jurnalistikası üzrə mütəxəssisi və fəxri müəllimi Martin Smit Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında işgüzar səfərdədir.

Səfər çərçivəsində cənab Martin Smit idman jurnalistikası ixtisasının magistrantları üçün “Idman jurnalistikasının tarixi və metodologiyası” fənninin intensiv tədris sessiyalarını həyata keçirilir.

İntensiv təlim-tədris prosesində tələbələr idman jurnalistikasının tarixi və metodologiyasına dair mühazirələri dinləyib, qlobal və yerli kontekstdə bu sahənin inkişaf mərhələləri ilə tanış olurlar.

Böyük Britaniyadan olan müəllim Martin Smitin sözlərinə görə Azərbaycanda bu istiqamətdə tədrisin aparılması olduqca sevindirici haldır və bu nəinki lokal çərçivədə, qlobal baxımdan da jurnalistikada ixtisaslaşmanın aparılmasına böyük təkan verəcək.

Bundan əlavə, cənab Smit tələbələrin dərslərdə aktivliyindən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında dərs prosesinin effektivliyi üçün yaradılan şəraitdən də məmnunluğunu ifadə edib.

Məlumat üçün bildirək ki, 2017-2018-ci tədris ilinin növbəti semesterində idman jurnalistikası ixtisasının magistrantlarının Böyük Britaniyaya səfəri planlaşdırılır. Tələbələr səfər müddətində İngiltərənin qabaqcıl media qurumlarının iş prosesi ilə tanış olacaq, Akademiyanın partnyoru olan Şeffild Hallam Universitetində ixtisasları ilə əlaqədar intensiv təlim-tədris sessiyası keçəcəklər.

Xəbərlər