Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-da yeni magistr ixtisaslarının təqdimatı və yenidənqurma işləri ilə tanışlıq

6 noyabr 2017-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni yaradılmış ixtisasların və aparılan yenidənqurma işlərinin geniş təqdimatı keçirilmişdir.

Son dövrdə İdman Akademiyasında aparılan yenidənqurma işləri və tədrisdə innovasiyalar ilə tanışlıq məqsədi ilə Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev və Milli Məclisin gənclər və idman komitəsinin sədri, millət vəkili Fuad Muradov və digər rəsmilər Akademiyanın qonağı olmuşdurlar.

Cari ilin sentyabr ayından başlayaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “İdman jurnalistikası”, “İdman menecmenti” və “İdman tibbi və reabilitasiya” üzrə modul tipli ingilis dilində magistr ixtisasları yaradılmış və tədrisinə start verilmişdir. Hər üç ixtisasın təhsil proqramına daxil edilməsinin əsas məqsədi beynəlxalq idman əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanması və ölkədə günü-gündən inkişaf edən idman sahəsində tələb olunan ixtisaslar üzrə mütəxəssislərin yetişdirilməsidir.

Sözügedən magistr ixtisasları Azərbaycan təhsil sistemində yeni olduğuna görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası onların tədrisi üçün Böyük Britaniyanın bir sıra tanınmış ali təhsil ocaqları ilə əməkdaşlıq sazişləri imzalayıb və onların təcrübəsini Azərbaycan təhsil sisteminə tətbiq edir. Tədris prosesi zamanı əsas modullar Avropanın qabaqcıl  təhsil müəssisələrinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Tədrisin ingilis dilində keçirilməsi eyni zamanda beynəlxalq standartlara cavab verən dərsliklər və materiallardan yararlanmağa imkan verir, və bu xüsusi əhəmiyyət daşıyan modulların tədrisinin və təcrübi kursların Böyük Britaniyanın təhsil müəssisələrində tədrisinə imkan yaradır. Yeni magistr proqramlarında yerli ingilis dilli akademik heyətin də potensialından istifadə olunur.

“İdman menecmenti” magistr proqramı Böyük Britaniyanın Şeffild Hallam Universiteti ilə birlikdə tərtib olunmuşdur. Dərslər Şeffild Hallam Universitetinin Strateji İdman Layihələri şöbəsinin xüsusi dəvət olunmuş rəhbəri, universitetin İdman akademiyasının sabiq direktoru Professor Qay Masterman tərəfindən aparılır. Professor Mastermanın idman tədbirlərinin idarə edilməsi və Chelsea FK, Fulham FK kimi dünya şöhrətli klubların konsultasiya edilməsində 35 ildən çox təcrübəsi var. Təhsil müddətində tələbələrə idmanda rəhbərlik və insan resurslarının idarə olunması, strateji inkişaf, idman iqtisadiyyatı, idman marketinqi, sahibkarlıq və təşkilati davranış fənləri tədris olunacaq.

“İdman jurnalistikası” proqramına media sahəsində tanınmış beynəlxalq ekspert Dan Mason Media şirkətinin təsisçisi Den Meyson rəhbərlik edir.  O, Britaniya Şurası, İREX (AYREKS), Thomson Foundation və s. kimi bir sıra beynəlxalq təşkilatların müxtəlif media layihələrinə rəhbərlik edib.Təhsil müddətində bu magistr proqramında təhsil alan tələbələr media və PR, audio və video jurnalistika, idman jurnalistikasının özəllikləri və s. ilə yaxından tanış olacaqlar.

“İdman tibbi və reabilitasiya” ixtisasına Böyük Britaniyanın UCL – London Kollec Universitetin – İdman Tibbi İnstitutunun aparıcı eksperti, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi bölməsinin vitse-prezidenti Dr. Maykl Pol  Lusmor rəhbərlik edir.  Maykl Pol Lusmor Avropanın “İdman tibbi” tədris standartının müəllifidir, həmçinin o, Böyük Britaniyanın boks üzrə milli Olimpiya yığması və “Park&Pipe” üzrə qış idman növləri yığmasının tibbi direktorudur. Bu magistr proqramında yalnız rezidenturanı bitirmiş həkimlər təhsil ala bilərlər. Magistraturanı bitirdikdən sonra məzunlar milli yığma komandaları, idman federasiyaları, dövlət və özəl klinikalarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya şöbələrində çalışa bilərlər.

Hər üç ixtisas üzrə magistrlərə gələcəkdə müvafiq olaraq “İdman menecmenti”, “İdman jurnalistikası” ixtisası üzrə  Böyük Britaniyanın Şeffild Hallam universitetində və “İdman tibbi və reabilitasiya” ixtisası üzrə isə Böyük Britaniyanın UCL universitetində əsas modulların birinin tədrisinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd etmək lazımdır ki, 3 yeni ingilis dilli modul tipli magistr ixtisası ilə yanaşı 2017-ci ildə beynəlxalq təhsil standartlarına uyğun olaraq “İdman menecmenti və kommunikasiya”  və “Bədən tərbiyəsi və idmanda reabilitasiya” bakalavr ixtisasları yaradılmışdır, tədrisinə start verilmişdir.

Eyni zamanda, təqdimat zamanı qonaqlara Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yaradılan müasir şərait və bütün beynəlxalq standartlara cavab verən yeni infrastruktur haqqında ətraflı məlumat verildi. Belə ki, ümumi ərazisi 12800 m2 olan sahənin 9000 m2-dən artıq sahəsində müasir standartlara uyğun təmir və yenidənqurma işləri aparılmış, bütün kommunikasiyalar (istilik, havalandırma, soyutma, elektrik, təhlükəsizlik, su-kanalizasiya, yanğından mühafizə sistemləri və s.) yenidən qurulmuş, müəllim və tələbə heyəti üçün elektron tələbə bileti tətbiq etməklə müasir elektron buraxılış-nəzarət sistemi yaradılmış, bütün tədris auditoriyaları və kafedralar təmir olunmuş, zəruri mebel və avadanlıqlarla tam təmin olunmuş, texniki vasitələrlə - kompyuterlər, proyektorlar, monitorlar və s. ilə təchizat başa çatmışdır.

Akademiyada Ümummilli Lider Heydər Əliyevin xatirəsini əbədiləşdirən Ulu Öndərin büstü qoyulmuş, Milli Qəhrəmanların şərəfinə və idmançı şəhidlərin xatirəsinə müvafiq stendlər qurulmuş, həmçinin müasir dizayn və standartlara tam şəkildə cavab verən Heydər Əliyev İnteraktiv Muzeyi və tam funksional konfrans zalı yaradılmış, tələbə mərkəzi, tibb məntəqəsi, müasir tipli kafe və tələbə yeməkxanası istifadəyə verilmiş, landşaft və abadlıq işləri tam başa çatdırılmışdır. Binanın daxili fasadın bərpa işlərinə başlanılmışdır.

Bütün ərazidə yüksək sürətli WiFi internet təmin edilmiş, dünyanın 60 000-dən çox kitabxanasında fəaliyyət göstərən və kitabxana daxili bütün prosesləri avtomatlaşdıran “Follett Library Manager system” proqramını dəstəkləyən tam funksional elektron kitabxana, eyni zamanda 200 000 kitabdan ibarət kitab fondu yaradılmışdır. Tədrisin şəffaflığını təmin etmək məqsədilə ixtisaslaşmış və müvafiq texniki vasitələrlə təmin edilmiş imtahan mərkəzi yaradılmışdır. Tədrisin və təhsilin vahid idarəetmə sisteminin (E-Akademiya) qurulması üzrə iş uğurla davam edir.

Yeni proqramların yüksək keyfiyyətinin və müvafiq araşdırmaların aparılmasının təmin edilməsi məqsədilə “İdman tibbi və reabilitasiya” ixtisası üzrə tədris və elmi-tədris laboratoriyası və “İdman jurnalistikası” ixtisası üzrə multimedia studiyası yaradılmışdır. Müasir dizayna malik olan tədris və elmi-tibbi laboratoriya idman tibbi avadanlığı ilə,  multimedia studiyası isə müvafiq media avadanlığı ilə təchiz edilmişdir və onlar geniş texniki imkanlara malikdirlər.   

Akademiyanın ərazisində xüsusi maraq cəlb edən yerlərdən biri də tamamilə yenidən qurulmuş müasir konsepsiyaya malik olan akt zalıdır. Yeni yaradılan akt zalı geniş, dinamik, çox funksiyalıdır. İstifadə məqsədindən asılı olaraq, onun dizaynı dəyişilə bilər və beləliklə o, həm rəsmi, həm əyləncə tipli tədbirlərə ev sahibliyi edə bilər.

İdman zallarının əsaslı təmiri və yenidənqurma işlərinə başlanılmış, artıq idman gimnastikası və ağır atletika zalları əsaslı şəkildə yenidən qurulmuş, ən müasir standartlara cavab verən idman avadanlıqları ilə təmin edilmişdir. Basketbol və həndbol idman zallarının təmirinə başlanılmışdır.

Xəbərlər