Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-da yeni magistr ixtisaslarının tədrisinə start verildi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ingilis dilli “İdman jurnalistikası”, “İdman menecmenti” və “İdman tibbi və reabilitasiya” ixtisaslarının tədrisinə start verildi. Hər üç ixtisasın təhsil proqramına daxil edilməsinin əsas məqsədi beynəlxalq idman əmək bazarında rəqabətədavamlı kadrların hazırlanması ve ölkədə günü-gündən inkişaf edən idman sahəsində tələb olunan peşələr üzrə mütəxəssislərin yetişdirilməsidir.

Sözügedən magistr ixtisasları Azərbaycan təhsil sistemində yeni olduğuna görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası onların tədrisi üçün Böyük Britaniyanın bir sıra tanınmış ali təhsil ocaqları ilə əməkdaşlıq sazişləri imzalayıb və onların təcrübəsini Azərbaycan təhsil sistemində tədbiq edir. Tədris zamanı bütün dərslər ingilis dilində keçiriləcək, bu da beynəlxalq standartlara cavab verən dərsliklərdən və materiallardan yararlanmaq deməkdir.

Magistr pilləsi üzrə “İdman menecmenti” proqramı Böyük Britaniyanın Şeffild Hallam Universiteti ilə birlikdə tərtib olunmuşdur. Dərslər Şeffild Hallam Universitetinin Strateji İdman Layihələri şöbəsinin xüsusi dəvət olunmuş rəhbəri,  universitetin sabiq direktoru Qay Mastermən tərəfindən aparılır. Təhsil müddətində tələbələrə idmanda rəhbərlik və insan resurslarının idarə olunması, strateji inkişaf,  idman iqtisadiyyatı, idman marketinqi, sahibkarlıq və təşkilati davranış fənləri tədris olunacaq. Eyni zamanda, ilk tədris ilinin ikinci semestrində magistrantlar Şeffild Hallam Universitetində 2 həftəlik kurs keçəcəklər.

“İdman jurnalistikası" ixtisasına idman media sahəsində tanınmış beynəlxalq ekspert Dan Meyson rəhbərlik edir. Təhsil müddətində tələbələrə idman jurnalistikasının əsas özəllikləri, media və PR, “online” yazı bacarıqlarının artırılması, audio və video jurnalistika istiqamətləri tədris olunacaq.

“İdman tibbi və reabilitasiya” ixtisas programına Böyük Britaniyanın UCL - London Kollec Universitetin - İdman Tibbi İnstitutunun aparıcı eksperti, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi bölməsinin vitse-prezidenti, Dr. Maykl Pol Luzmor rəhbərlik edir. Burada təhsil alan magistrantlar rezidenturanı bitirən həkimlərdir və digər iki ixtisasda olduğu kimi tədris ingilis dilində aparılır. “İdman tibbi və reabilitasiya” ixtisası üzrə magistraturanı bitirən məzunlar müxtəlif beynəlxalq qurumlar, idman federasiyaları, milli yığma komandalar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  reabilitasiya mərkəzləri və özəl klinikalarda çalışmaq imkanı qazanacaqlar.

Qeyd etmək lazımdır ki, 2017-ci ildə beynəlxalq təhsil standartlarına uyğun olaraq məhz Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən idman tədris sistemi üçün 3 bakalavr (“Məşqçi”, “İdman menecmenti və kommunikasiya”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya”) və 1 magistr (“İdman tibbi və reabilitasiya”) proqramları hazırlanıb, təhsil standartları təsdiq edilib və bu tədris ilindən həmin ixtisaslara qəbul prosesi başlayıb. Yeni proqramların əsas məqsədi idman təhsilinin dünya təhsil sisteminə inteqrasiyası və beynəlxalq əmək bazarı üçün rəqabətədavamlı kadrların yetişdiriməsindən ibarətdir.

Xəbərlər