Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

“İdman psixologiyası uğura necə apara bilər?” mövzusunda təlim keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi-tədris laboratoriyasında “İdman psixologiyası uğura necə apara bilər?” mövzusunda təlim təşkil olunub. Təlim İngiltərınin Vulverhempton Universitetinin idman psixologiyası üzrə professoru Endi Leyn tərəfindən keçirilib.

Tədbirdə Akademiyanın Elmi-tədris laboratoriyasının, Tibbi-bioloji və Sosial elmlər kafedralarının əməkdaşları ilə yanaşı, AFFA, boks və cüdo federasiyalarından, Milli İdman Tibbi Reabilitasiya İnstitutundan, TƏBİB İcbari Tibbi Sığorta təşkilatından və “Logos” Psixologiya Mərkəzindən olan tibb işçiləri və psixoloqlar iştirak edib.

Təlim zamanı “İdman psixologiyası nədir?”, “Rəqabətə diqqət etmək”, “İdman, sağlamlıq və ruhi sağlamlıq”, “Məqsəd - nailiyyət və təkcə idman deyil”, “İdman psixoloqları kimlərdir?”, “Psixoloji bacarıqları necə öyrənə bilərik?”, “Xüsusi təcrübə vasitəsilə bacarıqları öyrənmək” kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Bundan başqa, Akademiyada idman psixologiyasının tədrisinin təşkil olunması, milli yığmaların hərtərəfli tibbi-bioloji təminatı ilə bağlı da fikir mübadiləsi həyata keçirilib.

#ASAPES #IdmanAkademiyası

Xəbərlər