Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

“BP Azərbaycan” şirkətində idman üzrə inklüziv təhsil layihəsi müzakirə edilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və "İnkişaf naminə idman" İctimai Birliyinin (İNİ) birgə həyata keçirdiyi "Sağlamlıq imkanları məhdud uşaqlar üçün bədən tərbiyəsi və idman sahəsində hibrid (onlayn və oflayn) qeyri-formal təhsilin (ixtisaslaşmış inklüziv təhsilə keçid) təşkili üzrə layihə" çərçivəsində BP şirkətinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə layihənin rəhbəri, Azərbaycan Milli Paralimpiya Komitəsinin fəxri vitse-prezidenti Natiq Qasımov, "İnkişaf Naminə İdman" İctimai Birliyinin rəhbəri Mehman Kərimov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Hari Cons (Gary Jones) və Xarici əlaqələr və Kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli iştirak ediblər.

Görüş zamanı BP şirkətinin nümayəndələrinə layihənin beynəlxalq eksperti Entoni Seynsböri (Anthony Sainsbury) təqdim olunub və onun Bakıya ilk səfəri çərçivəsində nəzərdə tutulan işlər, həmçinin ilkin mərhələnin icra planının perspektivləri müzakirə edilib. BP nümayəndələri biıdiriblər ki, şirkət son illər ərzində ASAPES-də həyata keçirilən islahatlar və görülən uğurlu işlər barədə məlumatlıdır.

Həyata keçirilməsi planlaşdırılan layihəyə uğurlar arzulayan “BP Azərbaycan” şirkətinin rəsmiləri Akademiya ilə yeni əməkdaşlığın adaptiv idman üzrə inklüziv təhsilin inkişafında yeni səhifə açacağına inandıqlarını bildiriblər. 

Xəbərlər