Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Elşad Nərimanov - 80

Dekabrın 29-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) akt zalında "Gimnastikanın nəzəriyyəsi və metodikası" kafedrasının professoru, SSRİ idman ustası, dəfələrlə Ümumittifaq yarışlarının qalibi və mükafatçısı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, "Tərəqqi" medalı laureatı və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Elşad Nərimanovun 80 illik yubileyi və idman fəaliyyətinin 70 illiyinə həsr olunmuş tədbir keçirilib.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rektoru Fuad Hacıyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, idman ictimaiyyətinin nümayəndələri və digər rəsmilər iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan ASAPES-in rektoru Fuad Hacıyev yubilyarın mənalı idman fəaliyyətindən söz açıb, belə bir mütəxəssisin cəmiyyətimiz üçün faydasından və gənc nəslə örnək ola biləcək addımlarından danışıb.

Daha sonra çıxış üçün söz gənclər və idman naziri Fərid Qayıbova verilib. O, öncə səbəbkarı təbrik edərək, ən xoş arzularını çatdırıb. Ölkədə idmana və idmançılara göstərilən dövlət qayığısından danışan Fərid Qayıbov Elşad Nərimanov kimi idman mütəxəssislərinə, işinin peşəkarı olan idman xadimlərinə həmişə ehtiyacın olduğunu qeyd edib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin sədri, Olimpiya çempionu Zemfira Meftəhəddinova, MOK-un İdman idarəsinin müdiri Həsənağa Rzayev, Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış ediblər. Qonaqlar Elşad Nərimanovun ömür və idman yoluna nəzər yetirib, növbəti fəaliyyətində uğurlar arzulayıblar.

Xəbərlər