Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-da yenilənmiş güləş zalı istifadəyə verilib

             Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yenidənqurma və bərpa işləri sürətlə davam edir.  Tələbələrə dərslərdə maksimal şəraitin yaradılması məqsədi ilə növbəti tam əsaslı təmir olunan zal Güləş zalı oldu. Ümumi sahəsi 402 m2 olan Güləş zalı məşq zamanı tələbələrin fiziki dözümlülüyünün artırılması üçün xüsusi müasir avadanlıqlarla təchiz olunub.

            Zalın açılışında Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov və Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev iştirak edirdi. Akademiyanın rektoru Fuad Hacıyev qonaqlara ətraflı məlumat verərək onları yenidənqurma işləri ilə yaxından tanış etdi.

            Açılış tədbirində çıxış edən tədris və elmi işlər üzrə prorektor Təhminə Tağı-zadə Akademiyanın bazasında beynəlxalq ekspertlərlə birgə həyata keçirilən elmi tədqiqatlar və milli yığma komandaların idmançılarının elmi-metodiki müşayiəti barədə məlumat vermişdir.

            Qeyd olunmuşdur ki, 2019-cu ilin oktyabr ayından etibarən ADBTİA-nın əməkdaşları, Avstriyanın ComplexCore+ təşkilatı və University College London-un (UCL) ekspertlərinin dəstəyi və iştirakı ilə Gimnastika, Cüdo və Qılıncoynatma Federasiyalarının idmançılarının müayinəsi keçirilmişdir.  Milli yığmaların Olimpiya oyunlarına hazırlıq məqsədilə Federasiyaların rəhbərliyinə elmi əsaslandırılmış  praktiki  tövsiyələrə uyğun  analitik hesabat təqdim olunmuşdur. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

            Güləş zalında həmçinin tələbələrin sevimlisi, uzun illər Akademiyada fəaliyyət göstərən “İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri professor Xanlar Qurbanovun həyat və fəaliyyətini əks etdirən guşə yaradılıb, xatirə lövhəsi asılıb.

            Qeyd edək ki, Xanlar Qurbanov beynəlxalq dərəcəli hakim, SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti idi.

           X.Qurbanovun xidmətləri dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. Ölkə Prezidentinin müxtəlif sərəncamları ilə “Tərəqqi” medalına, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adına layiq görülüb. Pedaqoji elmlər namizədi idi.

           Mövcud pandemiya şəraitinə uyğun olaraq Nazirlər Kabinetinin 29 avqust 2020-ci il tarixli 312 №-li “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili” barədə qərarına əsasən Akademiyada tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər mütəmadi həyata keçirilir, buraxılış rejiminin sanitar-epidemioloji tələblər nəzərə alınmaqla təşkili təmin olunur. Eyni zamanda, Akademiyanın 3 giriş-çıxış məntəqələrinə qısa müddət ərzində 15-20 tələbələrin hərarətini ölçmək imkanı olan universal, professor-müəllim və inzibati heyət üçün isə fərdi teplovizorlar quraşdırılıb. Sosial məsafənin saxlanılması məqsədilə yerdə çəkilmiş dayanma işarələri vurulub.

Xəbərlər