Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

“Onun məhəbbəti - futbol” adlı sənədli filmin təqdimatı

22 may 2019-cu il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə “Onun məhəbbəti - futbol” adlı sənədli filmin təqdimatı olub. Təqdimat Akademiyanın akt zalında keçirilib. Tədbirdə İdman Akademiyasının müəllim və tələbə heyəti, Eldar Əzimzadənin doğmaları və idmansevərlər iştirak edib. Nümayişdən öncə ADBTİA-nın İdman oyun növləri kafedrasının baş müəllimi, fəxri bədən tərbiyəsi və idman işçisi, Beynəlxalq dərəcəli hakim Anar Salmanov, ARB “Aranfilm” yaradıcılıq mərkəzinin bədii rəhbəri kinorejissor Tahir Tahiroviç, Eldar müəllimin qızı Mehriban xanım çıxış edib tamaşaçıları salamlayıblar.

SSRİ dönəmində Azərbaycanın beynəlxalq dərəcəli hakimi olmuş , bir sıra mötəbər turnirlərə təyinat almış, 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya oyunlarının futbol yarışlarının final görüşünü idarı edən, ədalətli hakimliyi ilə idman ictimaiyyətinin rəğbətini qazanmış Eldar Əzimzadənin uğurlu idman fəaliyyətindən danışan film tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Filmdə onunla eyni dövrdə hakimlik etmiş insanlar da öz xatirələrini bölüşüblər.

Filmin ssenari müəllifi və rejissoru Aydan Əhmədova, operatoru Rafiq Əliyev, montajçısı Ümman Budaqov, icraçı prodüseri Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

Xəbərlər