Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

AFFA və AGF-nin sponsorluğu ilə ADBTİA-da silsilə təlimlər keçirilir

3 – 5 aprel 2018-ci il tarixlərində İdman Akademiyasında idman federasiyalarının əməkdaşları üçün “İdman Menecmenti” üzrə intensiv təlim keçirildi. Üç gün davam edən təlim Böyük Britaniyanın Şeffild Hallam Universitetinin (Sheffield Hallam University) İdman və Fiziki Tərbiyə Akademiyasının sabiq direktoru – professor Qay Masterman tərəfindən aparılıb. Təlim zamanı “İdman marketinqi və  media planların hazırlanması”, “İdmanda sposnorluq və investisiyalar”, “İdman tədbirlərinin planlaşdırılması və idarə olunması” kimi mövzular geniş əhatə edilmişdir.

Təlimin əsas məqsədi qabaqcıl standartları tətbiq etməklə Azərbaycanda idman idarəçiliyinin inkişafı naminə yeni nəsil peşəkarların yetişdirilməsinə kömək etməkdir. Təlim müddətində Azərbaycanın idman federasiyalarında çalışan marketinq menecerləri beynəlxalq təcrübə və müasir marketinq trendləri ilə tanış olur, idman sahəsində idarəçilik bacarıqlarını təkmilləşdirirlər.

Qeyd etmək lazımdır ki, “İdman menecmenti” təlimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İxtisasartırma Proqramları tərəfindən təşkil olunan və idman sahəsində artıq bir müddət çalışan peşəkarlar üçün hazırlanmış təlimlər silsiləsinə daxildir. Hazırda təlimlər silsiləsi çərçivəsində “İdmanda ingilis dili” (yalnız AFFA-nın mütəxəssisləri üçün), “İdman jurnalistikası”, “İdman travmaları və onların bərpası” kimi təşkil edilmişdir.  

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən idman təlimlərin əsas sponsorları Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Gimnastika Federasiyasıdır. “İdman menecmenti” təlimində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının 15 nəfər menecer və məşqçisi iştirak edir.

Xəbərlər